CƏMİYYƏT


“Yol hərəkəti qaydalarını öyrənək və öyrədək” layihəsinə yekun vurulub

Bakı, 1 dekabr, AZƏRTAC

Azərbaycan Könüllülər İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Bakı Nəqliyyat Agentliyi ilə birgə qrant müsabiqəsi çərçivəsində reallaşdırdığı “Yol hərəkəti qaydalarını öyrənək və öyrədək” layihəsinə yekun vurulub.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, icrasına bu ilin sentyabrından başlayan layihədə iştirak etmək üçün 250-dən çox müraciət daxil olub. Layihə çərçivəsində təcrübəli ekspert və təlimçilər tərəfindən seçilmiş 50 gənc iştirakçıya 12 dərs proqramına uyğun olaraq təlimlər keçirilib. Layihənin icra planına uyğun olaraq ekspert qismində Bakı Nəqliyyat Agentliyinin nümayəndələri Hüseyn Abdullayev və Nahid Quliyevin iştirakı ilə “Əlçatan və dayanıqlı şəhər” mövzusunda onlayn görüş və “Dayanıqlı şəhər nəqliyyatının 10 prinsipi” adlı təqdimat təşkil olunub. İştirakçılara müasir şəhər mobilliyinin prinsiplərini və paytaxt Bakının piyadayönümlü, əlçatan və dayanıqlı şəhər olması istiqamətində BNA-nın həyata keçirdiyi işlər və yaxın gələcəkdə planlaşdırdığı fəaliyyət barədə ətraflı məlumat verilib.

Həmçinin perspektivdə şəxsi nəqliyyat vasitələrindən istifadənin azaldılması, bunun nəticəsində əldə olunan üstünlüklər və daha dayanıqlı nəqliyyat növlərinə keçilməsi gənclər arasında təşviq edilib.

Görüşün sonunda müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Təlimdə şəhər nəqliyyatında, yollarda ictimai davranış qaydaları, dönmə əməliyyatı, icazə verilən maksimum hərəkət sürətləri, nizamlayıcının göstərişləri, qəza nişanları, minik avtomobillərinin idarə olunması və s. mövzularda qeyri-formal təhsil metodundan istifadə olunaraq təlimlər keçirilib. Sonda iştirakçılardan test imtahan götürülüb. Təlimlərdə və imtahanlarda fərqlənən iştirakçılara layihədə iştirak etdiklərinə görə sertifikatlar təqdim olunacaq.

Azərbaycan Könüllülər İctimai Birliyinin sədri İmaməddin Quliyev bildirib ki, layihənin məqsədi gənclərin yol hərəkəti qaydalarına dair bilik və bacarıqlarının artırılması, onlara təhlükəsiz davranış vərdişlərinin aşılanması, cəmiyyətdə sürücülük mədəniyyətinin səviyyəsinin yüksəldilməsi və yol təhlükəsizliyinin təmin olunmasına dair məlumatlılığın artırılmasından ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.