CƏMİYYƏT
Yol hərəkəti qaydalarının məktəblilər arasında təbliği işi gücləndirilib VİDEO







Bakı, 14 noyabr, AZƏRTAC
Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsinin təşkilatçılığı ilə noyabrın 14-də 276 nömrəli orta məktəbdə yol hərəkəti qaydalarının məktəblilər arasında təbliğinin gücləndirilməsinə həsr olunan maarifləndirici tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məktəbin direktoru Bəhram Şiriyev yol hərəkəti qaydalarının şagirdlər arasında təbliği işinə göstərdikləri dəstəyə görə polis əməkdaşlarına təşəkkür edib.
Şagirdlərlə görüşdə çıxış edən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov rəhbərliyin göstərişi ilə orta məktəblərdə maarifləndirici tədbirlərin mütəmadi qaydada keçirildiyini bildirib. Qeyd edib ki, belə görüşlərin əsas məqsədi şagirdlərə yol hərəkəti qaydaları haqqında dolğun məlumat verməkdir. V.Əsədov bildirib ki, son illər paytaxtda və respublikanın ayrı-ayrı bölgələrində yol polislərinin keçirdikləri belə maarifləndirici tədbirlər səmərəli nəticələr verir. Məktəb yaşlı uşaqların qəzalar zamanı nəqliyyat vasitələri tərəfindən vurulması halı minimuma enib.
Görüşdə şagirdlərə yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasının ağır fəsadlarına dair sosial videoçarxlar nümayiş etdirilib.
Sonra şagirdlərin sualları cavablandırılıb, fəal məktəblilərə hədiyyələr təqdim olunub.