CƏMİYYƏT
“Yol hərəkəti təhlükəsizliyi məktəblilərin gözü ilə” mövzusunda tədbirlər davam etdirilir
Bakı, 3 dekabr, AZƏRTAC
Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”ndan irəli gələn tədbirlər çərçivəsində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin və Nizami Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Bakı şəhəri, Nizami rayonu, Namiq Həmzəyev adına 238 nömrəli tam orta məktəbdə “Yol hərəkəti təhlükəsizliyi məktəblilərin gözü ilə” adlı tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov, Nizami Rayon Dövlət Yol Polisi Şöbəsinin inspektoru Malik Manafov, Nizami Rayon Polis İdarəsinin bölmə rəisi, polis mayoru Natiq Yusubov, rayon icra hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdir müavini Bəhmən Hüseynov, Nizami Rayon Polis İdarəsinin veteranlar şurasının üzvü Fərhad Bağırov, məktəbin rəhbərliyi, valideynlər, müəllimlər və şagirdlər iştirak ediblər.
Əvvəlcə məktəblilərin yol hərəkəti təhlükəsizliyi, qaydalar, yol nişanları və sair ilə bağlı səhnəciklər nümayiş olunub.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov çıxış edərək bildirib ki, Prezident İlham Əliyev tərəfindən imzalanmış müvafiq Sərəncama uyğun olaraq, yol polisi ümumtəhsil ocaqlarında da müxtəlif layihələr həyata keçirir. Əsas məqsəd məktəblilərin maarifləndirilməsi, onlara yol hərəkəti qaydalarının öyrədilməsidir.
Daha sonra şagirdlərə müxtəlif suallar verən Vaqif Əsədov onlara sadə şəkildə yol hərəkəti qaydaları barəsində də müxtəlif məlumatlar verib. Fərqlənən məktəblilərə medallar, fəxri fərmanlar və “İnci” şirkəti tərəfindən təqdim olunan məktəbli ləvazimatları hədiyyə edilib.