CƏMİYYƏT


“Yol hərəkəti təhlükəsizliyi üzrə liderlik və əməkdaşlıq” mövzusunda müzakirələr aparılıb

Bakı, 14 may, AZƏRTAC

Mayın 14-də Azərbaycan Milli Avtomobil Klubu (AMAK) ADA Universitetində “Yol hərəkəti təhlükəsizliyi üzrə liderlik və əməkdaşlıq” mövzusunda dəyirmi masa təşkil edib.

AZƏRTAC xəbər verir ki, AMAK-ın prezidenti Vüsal Rəcəbli tədbirdə çıxış edərək mövzunun əhəmiyyətindən danışıb. Bildirib ki, məqsəd Prezident İlham Əliyev tərəfindən 2018-ci il dekabrın 27-də imzalanmış “Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın məqsədlərinə uyğun olaraq cəmiyyətin maarifləndirilməsində KIV-in, hökumət və qeyri-hökumət təşkilatlarının birgə fəaliyyəti və rolu ilə bağlı müzakirələrin aparılmasıdır.

V.Rəcəbli qeyd edib ki, Dövlət Proqramının əsas məqsədi ölkə ərazisində yol-nəqliyyat hadisələrinin sayının azaldılması, baş verən yol qəzalarında ölüm hallarının minimuma endirilməsi, yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirmə işinin təkmilləşdirilməsi və milli strategiyanın yaradılmasıdır.

Dəyirmi masada hüquqşünas Ərşad Hüseynov Dövlət Proqramının əhəmiyyətindən, buradakı yeniliklərdən danışıb.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru, polis polkovnik-leytenantı Mübariz Ağayev “Yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramında nəzərdə tutulmuş təbliğat işinin DYP-nin fəaliyyətində prioritetliyi”, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev “BNA və yol hərəkətinin təhlükəsizliyi üzrə islahatlar/layihələr” mövzusunda məruzələrlə çıxış ediblər.

Qeyd olunub ki, “Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın məqsədlərinə uyğun olaraq, təhsil müəssisələrində və digər qurumlarda aparılan təbliğat-təşviqat və maarifləndirmə işlərinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Yol hərəkəti təhlükəsizliyinin təbliği istiqamətində müvafiq qurumlar tərəfindən həyata keçirilən sosial-inzibati tədbirlərlə yanaşı, ictimai iştirakçılıq da böyük əhəmiyyət kəsb edir.

Tədbirdə yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramının səmərəli icrası üçün əməkdaşlıq yolları, bu sahədə beynəlxalq və milli səviyyədə mövcud vəziyyət, problemlər və nailiyyətlərlə bağlı məlumatın cəmiyyətə düzgün qaydada ötürülməsi yollarından danışılıb.

Sonra yol hərəkəti ilə bağlı sosial çarx nümayiş olunub.

Qeyd edək ki, 1999-cu ildə təsis olunan AMAK 2015-ci ildə 140 ölkədən 240-dək avtomobil klubunun, 80 milyondan çox şəxsin sıralarında birləşdiyi Beynəlxalq Avtomobil Federasiyasına üzv olub. AMAK ölkəmizdə yol hərəkəti təhlükəsizliyinə dair müxtəlif yaş qrupları üzrə aidiyyəti yerli və bir sıra beynəlxalq təşkilatlarla birlikdə maarifləndirmə tədbirləri, seminarlar, tədqiqat layihələri reallaşdırır. Klub 2009-cu ildən bu günədək yol-hərəkəti təhlükəsizliyinin təbliği və bu istiqamətdə sosial layihələrin həyata keçirilməsi ilə intensiv məşğul olur. AMAK Dövlət Proqramını əsas tutaraq əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların təcrübəsinin Azərbaycanda yol-hərəkəti təhlükəsizliyinin səmərəli təşkilində tətbiqi və əhalinin maarifləndirilməsi üçün bir sıra tədbirlər həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.