CƏMİYYƏT
Yol-nəqliyyat hadisəsini törədən sürücü “isti izlər”lə saxlanılıb
Bakı, 24 iyun, AZƏRTAC
İyunun 22-də saat 23 radələrində Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi”nə Pirallahı rayonunun Dübəndi bağlar massivindəki dayanacaqlardan birinin yaxınlığında bir nəfərin maşınla vurulması nəticəsində xəsarət alması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumat aidiyyəti üzrə Pirallahı Rayon Polis Şöbəsinə ünvanlanıb.
Dərhal rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə gələrək hadisə yerini müayinə edib. Yaralının dərhal xəstəxanaya çatdırılması təmin olunub və vaxtında yardım göstərildiyindən onun həyatı üçün təhlükə aradan qalxıb.
DİN-in Təhlükəsiz Şəhər Xidmətinin texniki imkanlarından istifadə edilməklə həmin vaxt oradan keçən bir neçə avtomobil müəyyənləşdirilib. Əməliyyat yolu ilə əldə edilən məlumatlarla həmin maşınlardan “Mercedes” markalı yük avtomobili daha çox şübhə doğurduğundan onun tapılması üçün axtarışlara başlanılıb.
Pirallahı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən həmin avtomobilin Xəzər rayonunun Zirə qəsəbəsində olduğu müəyyənləşdilirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Mercedes-Benz-Atego” markalı yük maşınını idarə edən Masallı rayon sakini Ramin Şahbazov hadisəni törətməkdə şübhəli bilinən şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib.
Kriminalistlik ekspertiza hadisə yerindən götürülmüş maddi sübutların həmin avtomobilin sınmış şüşələri və əzilmiş hissələri ilə eyniyyət təşkil etdiyini aşkarlayıb.
Rayon polis şöbəsində faktla bağlı araşdırma aparılır.