CƏMİYYƏT
Yol patrul xidməti inspektoru vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edilir
Bakı, 23 noyabr, AZƏRTAC
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yol patrul xidməti inspektoru vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
İdarədən AZƏRTAC-a bildiriblər ki, müsabiqədə avtomobil nəqliyyatına aid orta ixtisas və ya ali təhsilli, kompüterlə işləmək bacarığı, sürücülük vəsiqəsi olan, habelə sürücü kimi 3 il əmək stajına malik, 20-25 yaşlarında, boyu 180 santimetr və daha yüksək, idman cüssəli, həqiqi hərbi xidməti tam başa vurmuş, özü və yaxın qohumları məhkum olunmamış, yalnız Bakıda yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşlar iştirak edə bilərlər.
Həmçinin müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi, yol hərəkəti qaydaları üzrə nəzəri bilikləri və sürücülük vərdişləri müəyyən olunmuş qaydada yoxlanılacaq. Xarici dil bilən və dövlət təhsil müəssisələrində ali təhsil almış namizədlərə üstünlük veriləcək.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 2017-ci ilin dekabrın 10-dək hər gün (istirahət günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin inzibati binasında (Bakı şəhəri, Badamdar qəsəbəsi, M.Müşfiq küçəsi, kənar dairəvi yolun kəsişməsi) müraciət edə bilərlər. Müraciət olunarkən şəxsiyyət vəsiqəsi, təhsil haqqında sənədin əsli, hərbi bilet (kişilər üçün), əmək kitabçası (olanlar üçün), sürücülük vəsiqəsi və kompüterdə işləmək bacarığını təsdiq edən sənəd (sertifikat və s.) təqdim edilməlidir.
Əlavə məlumatı 012 590 21 65 və 012 590 21 66 telefonlarından almaq mümkündür.