CƏMİYYƏT


Yol polisi Sumqayıtda avtobus və taksilərdə tibbi maska taxmayan şəxslərə qarşı profilaktik tədbir keçirib VİDEO

Bakı, 14 iyul, AZƏRTAC

Ölkəmizdə koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması istiqamətində dövlətimiz tərəfindən məqsədyönlü tədbirlər davam etdirilir. Bütün bu hallar nəzərə alınaraq Nazirlər Kabinetinin müvafiq qərarı ilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən məcburi istifadə edilməsinə dair tələb ləğv olunub. Lakin bu, o demək deyil ki, qapalı məkanlarda, o cümlədən, ictimai nəqliyyatda qoruyucu maskalardan istifadə etməmək olar. Təəssüf ki, xüsusən avtobuslarda tibbi maskalardan istifadənin zəruriliyinə bəzi şəxslər tərəfindən riayət edilmir. Bütün bunlar nəzərə alınaraq polis əməkdaşları tərəfindən qapalı məkanlar və ictimai nəqliyyatda nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, növbəti belə tədbir iyulun 14-də Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilib.

Tədbir zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə izahedici söhbətlər aparılıb. Yol polisləri onları ictimai nəqliyyatda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni, tibbi maskalardan istifadənin zəruriliyi barədə məlumatlandırıblar.

Profilaktik tədbir zamanı ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər və sürücülər Sumqayıt Şəhər Dövlət Yol Polisinin əməkdaşları tərəfindən müəyyən olunublar. Tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbirləri görülüb.

Həmçinin profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb.

Qeyd edək ki, Sumqayıt şəhəri ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin olunması, eləcə də ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən şəxslərin müəyyənləşdirilməsi məqsədilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.