CƏMİYYƏT


Yol polisi avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması ilə məşğul olanlara müraciət edib

Bakı, 28 sentyabr, AZƏRTAC

Baş Dövlət Yol Polisi İdarəsi avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət edib.

İdarədən AZƏRTAC-a daxil olan müraciətdə bildirilir ki, Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli 229 nömrəli qərarına əlavədə işçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinin siyahısı göstərilib. Qərara əsasən, avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan şəxslərdən də sentyabrın 1-dən COVID-19-a qarşı birinci doza, oktyabrın 1-dən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatı tələb edilir.

Ölkəmizdə koronavirus pandemiyasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması üçün genişmiqyaslı vaksinasiya prosesinə başlanıb. Lakin apardığımız müşahidələr nəticəsində məlum olub ki, görülən tədbirlərin fərqinə varmayan bəzi sürücülər müəyyənləşdirilmiş qaydalara etinasız yanaşır, əhalinin sağlamlığını təhlükə altında qoyaraq peyvənd olunmadan fəaliyyət göstərəcəklərinə ümid bəsləyirlər.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha xəbərdarlıq edir ki, avtomobil yollarında, eləcə də stasionar postlarda xidmət aparan yol-patrul xidməti əməkdaşları avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan sürücülərin COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatının olub-olmamasını seçmə üsulu ilə yoxlayacaqlar. Bu tələblərə əməl etməyən şəxslər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.