CƏMİYYƏT
Yol polisi əməkdaşları Gəncədə reyd keçirib VİDEO
Bakı, 1 may, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, təhlükəsizlik kəmərindən istifadə olunmaması, avtomobildə konstruksiya dəyişikliyi və digər qayda pozuntularının aşkarlandığı reydlər zamanı bir neçə sürücünün avtomobilində digər texniki nöqsanlar da üzə çıxıb. Həmin nəqliyyat vasitələrinin hərəkəti qanunla müəyyən edilmiş qaydada dayandırılaraq mühafizə olunan duracağa yerləşdirilib.
Bundan başqa keçirilən tədbirlər nəticəsində sərxoş halda avtomobil idarə edən sürücülər də aşkar edilib. Həmin sürücülər ilə profilaktiki söhbətlər aparılıb, onlara sərxoş halda avtomobil idarə etməyin həm özləri, həm də digər hərəkət iştirakçıları üçün çox təhlükəli olduğu bildirilib. Qeyd edək ki, aprel ayı ərzində keçirilən reydlər zamanı ümumilikdə vətəndaşlar tərəfindən 4000-dən çox qayda pozuntusu aşkar edilərək barələrində inzibati qaydada tədbir görülüb.