CƏMİYYƏT
Yol polisi əməkdaşları su kanalına aşan avtomobildəki qadını və azyaşlını xilas ediblər
Bakı, 19 fevral, AZƏRTAC
Fevralın 18-də saat 19 radələrində Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisində yol patrul avtomobilində xidmət aparan yol polisi əməkdaşları Natiq Hüseynov və Ruslan Həsənov leysan xarakterli yağışlı havada qarşıdan gələn “Mercedes” markalı avtomobilin idarəetməni itirərək yoldan çıxıb qamışlığa tərəf getdiyini və gözdən itdiyini görüblər. Həmin istiqamətə yollanan yol polisi əməkdaşları “Mercedes”in su kanalına aşdığını aşkar ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yol polisi əməkdaşları dərhal bu barədə xidmət rəhbərliyinə, Fövqəladə Hallar Nazirliyinə və Təcili Tibbi Yardıma xəbər verərək avtomobildə olanları xilas etmək üçün kanala giriblər.
Polis əməkdaşları salonu tamamilə su ilə dolmuş maşının qapısını açaraq oradan qadını və azyaşlı uşağı xilas edə biliblər. Uşaq boğulmuş vəziyyətdə olduğundan onu bu vəziyyətdən xilas edərək, çətinliklə həyata qaytarıblar. Təəssüf ki, bütün cəhdlərə baxmayaraq, sürücünün həyatını xilas etmək mümkün olmayıb.
Qadın və uşağı yolun kənarına çıxaran yol polisi əməkdaşları onları yoldan keçən avtomobillə təcili Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yola salıblar.
Baş Dövlət Yol Polisi İdarəsinin 8-ci taqımının komandiri, polis mayoru Etibar İbrahimov bildirib ki, yol polisi əməkdaşları hadisənin şahidi olmasaydı, yəqin ki, onların kanala düşməsindən xəbər tutanda çox gecikərdik və onları xilas etmək mümkün olmazdı.
Avtomobil FHN-in xilasetmə qüvvələri tərəfindən avtokran vasitəsilə kanaldan çıxarılıb. Orada sıxılmış vəziyyətdə qalmış sürücü - Oruc Hümmətzadənin cəsədi xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.