CƏMİYYƏT
Yol polisləri “Diqqət, uşaqlar” aylığı çərçivəsində yeni maarifləndirici aksiyaya başlayıblar
Bakı, 18 sentyabr, AZƏRTAC
Yeni dərs ilinin başlaması ilə əlaqədar Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin göstərişinə əsasən, yol polisi küçə və yollarda hərəkətin intensivliyinin yüksələcəyini nəzərə alaraq “Diqqət, uşaqlar” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirir.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu göstəriş əsasında artıq bir neçə gündür Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yeni maarifləndirici aksiyaya başlanıb. Yeni dərs ilinin başlaması ilə əlaqədar küçə və yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin yüksək olduğu şəraitdə məktəblilərin təhlükəsizliyinin təmin edilməsi, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması vacib məsələ kimi qarşıda durur. Bu məqsədlə Bakının Binəqədi, Sabunçu, Nərimanov, Xəzər, Səbail, Qaradağ, Xətai, Yasamal, Pirallahı, Nəsimi və Suraxanı rayonlarında yol polisləri tərəfindən maarifləndirici aksiyalar keçirilib.
Tədbirlərdə məktəblərin önünə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış maarifləndirici şüarlar əks olunan plakatlar vurulub. Plakatlarda şagirdlərə, müəllimlərə və valideynlərə yol hərəkəti qaydaları izah edilib. Bildirilib ki, şagirdlər yolu keçən zaman mütləq şəkildə piyada keçidindən istifadə etməlidirlər. Həmçinin müəllimlərin hər dərsin bir neçə dəqiqəsini yol hərəkəti qaydalarına ayırmalarının əhəmiyyəti vurğulanıb. Valideynlərə isə avtomobillərini məktəblərin ətrafında, eləcə də ikinci, üçüncü cərgədə, avtobus dayanacaqlarında və piyada səkilərində saxlamamaq tövsiyə olunub.
Bu tədbirlər çərçivəsində müəllim və şagirdlərə yol hərəkəti qaydalarını əks etdirən kitabçalar da paylanıb. Tədbirlər hər rayon üzrə 10-15, ümumilikdə isə 150-ə yaxın təhsil müəssisəsini əhatə edib.
“Diqqət uşaqlar!” aylığı çərçivəsində silsilə tədbirlər davam etdirilir.