CƏMİYYƏT


Yol polisləri ana və körpəsinin həyatını xilas ediblər

Bakı, 4 dekabr, AZƏRTAC 

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ana və körpəsinin həyatını xilas ediblər.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, dekabrın 3-də gecə saatlarında Zərdab rayon sakini Cavid Misafirli idarə etdiyi avtomobili ilə yaxın qohumunu xəstəxanaya apararkən Mingəçevir şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törədib.

Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin dərhal hadisə yerinə gələn əməkdaşları Samir Sultanov və Samir Cabbarlı hamilə qadının avtomobildə köməksiz vəziyyətdə qaldığını görüblər. Polis əməkdaşları dərhal qadına kömək edərək onu başqa bir avtomobilə əyləşdiriblər. Özləri isə yol polis xidmətinin avtomobilləri ilə müşayiət etməklə onu vaxtında xəstəxanaya çatdırıblar.

Həkimlərin müdaxiləsi ilə qadına kömək göstərilib və oğlan övladı dünyaya gəlib. Qadının yaxın qohumları göstərilən köməyə görə yol polisi əməkdaşlarına minnətdarlıqlarını bildiriblər. Yeni doğulan körpəyə hər iki polis əməkdaşının şərəfinə Samir adı qoyulub.

Hazırda ana və körpəsinin vəziyyəti yaxşıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.