CƏMİYYƏT
Yol qovşağında və körpüdə led işıqları, əlvan metalları oğurlayan şəxslər saxlanılıb VİDEO
Bakı, 21 noyabr, AZƏRTAC
Ölkənin əsas strateji yolları, körpüləri, eləcə də fiziki və hüquqi şəxslərə məxsus obyektlər və mənzillər Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsinin (BMİ) əməkdaşları tərəfindən etibarlı şəkildə qorunur.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu istiqamətdə Sabunçu Rayon Mühafizə İdarəsinin (RMİ) əməkdaşları tərəfindən oğurluq hadisələrinin qarşının vaxtında alınması istiqamətində tədbirlər həyata keçirilib.
Belə ki, cari il noyabrın 17-də axşam saatlarında Bakı-Aeroport yol qovşağı körpüsünün üstündə bir nəfər yol ötürücüsünün kənarındakı dəmir məhəccərə bəzək üçün quraşdırılan boruları və led işıqları sökərək oğurlamağa cəhd göstərib. Ərazidə xidmət aparan Sabunçu RMİ-nin əməkdaşları dərhal hadisə yerinə yaxınlaşaraq həmin şəxsi saxlayıb, onu ərazi üzrə 12-ci polis bölməsinə (PB) təhvil veriblər. Araşdırma zamanı saxlanılan şəxsin Zaqatala rayon sakini əvvəllər dəfələrlə məhkum edilən Vüqar Mustafayev olduğu müəyyənləşib. Hadisə yerinə baxış zamanı V.Mustafayevin oğurlamaq üçün kəsdiyi əlvan metaldan hazırlanan borular və led işıqlar, eləcə də digər maddi sübutlar aşkar olunaraq götürülüb.
Sabunçu RMİ əməkdaşları tərəfindən daha bir analoji oğurluq hadisəsinin qarşısı vaxtında alınıb. Belə ki, noyabrın 15-də saat 21 radələrində Zabrat körpüsündə xidmət aparan Sabunçu RMİ-nin əməkdaşları körpünün üstündə “VAZ-21011” markalı avtomobilə yaxınlaşaraq nəqliyyat vasitəsinin dayanma səbəbini aydınlaşdırmağa çalışıblar. Bu zaman sürücü avtomobilə minib qaçmağa cəhd göstərib. Lakin polislərin sayıqlığı və çevikliyi sayəsində həmin şəxs saxlanılıb. Nəqliyyat vasitəsinə baxış zamanı Zabrat körpüsündən oğurlanan dəmir məhəccərlər və əlvan metaldan olan əşyalar aşkarlanaraq götürülüb.
Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə təhvil verilən saxlanılan şəxsin Bakı şəhər sakini Şakir Əliyev olduğu müəyyən edilib.
Qeyd edilən hər iki faktla bağlı araşdırmalar davam etdirilir.