CƏMİYYƏT
Yollarda uşaqların təhlükəsizliyini qoruyaq
Bakı, 1 iyun, Məhərrəm Əlioğlu, AZƏRTAC
1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Yollarda uşaqların təhlükəsizliyini qoruyaq!” layihəsi çərçivəsində aksiya keçirilib.
AZƏRTAC xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin, Azərbaycanın ilk uşaq telekanalı olan “ARB Günəş”in, “ASAN xidmət”in və 46 saylı məktəbdənkənar tərbiyə işi mərkəzinin birgə keçirdiyi tədbirin məqsədi cəmiyyətin diqqətini balacaların həyat və sağlamlıqlarının qorunmasına yönəltmək, yol-nəqliyyat hadisələri ilə bağlı maarifləndirmə işini gücləndirmək, yollarda hərəkət iştirakçılarının intizamını yüksəltmək olub.
Aksiya çərçivəsində polis forması geyinən uşaqlar - yol polisinin gənc köməkçiləri, “ASAN xidmət” könüllüləri hərəkət iştirakçılarını müxtəlif devizlər altında yollarda intizamlı olmağa dəvət ediblər. Uşaqlar yol hərəkəti qaydalarını pozan sürücüləri saxlayaraq, onlara yol polisi əməkdaşlarının tövsiyəsi ilə məsləhətlər veriblər.
Paytaxtın bir neçə küçə və prospektində keçirilən aksiyada hərəkət iştirakçılarının diqqətinə çatdırılıb ki, yol hərəkətinin təhlükəsizliyində, insanların həyat və sağlamlığının qorunmasında hər bir vətəndaş üzərinə düşən məsuliyyəti dərindən dərk etməlidir. Aksiyada yol-nəqliyyat hadisələrinin qarşısının alınması, hərəkət iştirakçılarının intizamının möhkəmləndirilməsi, eləcə də belə hallar zamanı uşaqların xəsarət almalarının qarşısının alınması, piyadaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı sürücülərə tövsiyələr verilib.
İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, bu tədbirin paytaxtın küçə və prospektlərdə keçirilməsi təsadüfi deyil. Çünki son 13 il ərzində yol polisinin apardığı təbliğat azyaşlı uşaqlarda yol hərəkəti ilə bağlı təhlükəsizliyin təmin edilməsinə dair marağın oyadılmasına səbəb olub. Artıq aksiyada iştirak edən azyaşlılar təhlükəsizliyin təmin edilməsi barədə böyüklər qədər xeyli biliyə malikdirlər. Onlar yol polisinin kiçik yaşlı köməkçilərdir. Bu əlamətdar gündə paytaxtın inzibati ərazisinə düşən küçə və prospektlərdə saxlanılan sürücülərə azyaşlı uşaqlar tərəfindən suallar verilir və düzgün cavab verən şəxslərə hədiyyələr təqdim olunur.
V.Əsədov qeyd edib ki, bu cür tədbirlərin keçirilməsi mütəmadi davam etdiriləcək. Məqsəd uşaqlar arasında maarifləndirmə işini daha da gücləndirməkdir. Bu gün azyaşlıların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi üçün təbliğat işlərinin aparılması vacib rol oynayır.
Tədbirdə Yol Polisi İdarəsinin əməkdaşları və müəllim-valideyn komitələrinin üzvləri aksiyanın əhəmiyyəti barədə sürücü və piyadalarla maarifləndirici söhbətlər aparıblar.
Aksiyada saxlanılan avtomobillərdə olan uşaqlara hədiyyələr, sürücülərə bukletlər paylanılıb.