İQTİSADİYYAT
Yolun hərəkət hissəsində maneələr yaradanları inzibati məsuliyyət gözləyir
Bakı, 5 iyun, AZƏRTAC
Paytaxtın bəzi mərkəzi küçələrində yolun hərəkət hissəsində və səkilərdə hərəkətə mane olan müxtəlif maneələr Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən yığışdırılmağa başlanılıb.
“Azəryolservis”-dən AZƏRTAC-a bildirilib ki, aparılan işlər nəticəsində paytaxtın mərkəzində - Nəsimi rayonu Əlövsət Quliyev, Rəsul Rza, Əlimərdan bəy Topçubaşov, Həzi Aslanov və digər küçələrdə vətəndaşlar tərəfindən yolun hərəkət hissəsinə və səkilərə vurulan müxtəlif maneələr, zəncirlər və dirəklər xüsusi kəsici alətlərlə kəsilərək, yığışdırılıb. Bunu edən vətəndaşlara ilkin olaraq xəbərdarlıq edilib, növbəti dəfə isə onları inzibati məsuliyyət gözləyir.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 164.0.4 maddəsinə əsasən, yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulması və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, habelə avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətlərinə maneələrin yaradılmasına görə, fiziki şəxsləri 80 manatdan 100 manatadək, vəzifəli şəxsləri 400 manatdan 500 manatadək, hüquqi şəxsləri isə 3000 manatdan 4000 manatadək cərimə gözləyir.