CƏMİYYƏT
Yoluxma sayındakı azalma peyvəndləmənin təlimatlara uyğun aparılmasının nəticəsidir
Bakı, 22 iyun, AZƏRTAC
Ölkədə yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri davam etdirilir. Peyvənd çeşidləri əhalinin istəyinə uyğun olaraq genişləndirilib. Sərt karantin qaydalarının tətbiq edilməsi, vaksinasiya prosesinin sürətli və təlimatlara uyğun aparılması nəticəsində yoluxma sayında çox ciddi azalmalar müşahidə edilir. Bütün bunlara baxmayaraq, arxayınlaşmaq olmaz. Çünki kollektiv immunitet qazanmaq üçün ölkə əhalisinin ən azı 60 faizi peyvəndləmədən keçməlidir. Vaksin vurdurmaq hər kəsin özünü və ətrafındakıları qorumaq üçün ən yaxşı üsuldur.
Bunu AZƏRTAC-a TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü, həkim-infeksionist Süleyman Kamilov deyib.
Həkim-infeksionist bildirib ki, pandemiyanın başa çatması üçün vətəndaşlar ya virusa yoluxub xəstəliyə qarşı immunitet qazanmalıdırlar, ya da vaksinasiyadan keçməlidirlər: “Xəstəliyi hər kəs eyni cürə keçirmədiyi üçün birinci hal təhlükəlidir. Risk qrupunda olan şəxslər koronavirusu ağır keçirirlər. Ona görə, vaksinasiya prosesi daha ümidverici və güvənlidir. Həmçinin nəzərə almaq lazımdır ki, peyvəndləmə dünyada ilk dəfə koronavirus üçün tətbiq edilməyib. Yəni, vaksinasiya prosesi ilə bağlı kifayət qədər təcrübəyə sahibik. Milli peyvənd təqviminə əsasən, uşaqlara kiçik yaşlarından etibarən virus infeksiyaları əleyhinə 11 peyvənd vurulur. Bütün vətəndaşlara tövsiyə olunur ki, tətbiq edilən yumşalmalara baxmayaraq, fərdi mühafizə vasitələrindən istifadə olunsun və sosial məsafə qorunsun”.