CƏMİYYƏT


Yoluxucu Xəstəliklərin Elektron Müşahidə Sisteminin Azərbaycan modelinin tətbiqi digər ölkələrə də tövsiyə ediləcək

Bakı, 4 dekabr, AZƏRTAC

Səhiyyə Nazirliyində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qiymətləndirmə missiyasının nümayəndələri ilə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZRTAC-a bildirilib ki, missiyanın məqsədi Azərbaycanda mövcud vəziyyətin qiymətləndirilməsi və müvafiq tövsiyələrin verilməsidir. Eyni zamanda, ÜST-nin nümayəndələri və ekspertləri COVID-19 və ya hər hansı digər fövqəladə hallarla əlaqədar Fövqəladə Hallara Cavab Məlumat İdarəetmə Sistemini (ERİMS) təkmilləşdirmək və COVID-19 üçün mövcud sistemin ümumi məlumatlar axını sisteminin tərtib olunmasına dair texniki dəstək məqsədilə Azərbaycana gəliblər.

Qarşılıqlı anlaşma şəraitində keçən toplantıda Azərbaycanda hazırkı vəziyyət və COVID-19 infeksiyasına qarşı görülən tədbirlər müzakirə edilib.

Tədbirdə çıxış edən səhiyyə nazirinin müavini Viktor Qasımov ÜST nümayəndələri ilə Azərbaycan arasında illər ərzində davam edən olduqca məhsuldar işbirliyinin olmasını vurğulayaraq, bu işbirliyinin gələcəkdə daha yüksək nəticələr verəcəyinə inandığını söyləyib. Nazir müavini görülən işlərə görə bütün missiya üzvlərinə öz minnətdarlığını bildirib.

Toplantıda ÜST-nin missiyasının rəhbəri Paula Vaskonselos “COVID-19 və ya hər hansı digər fövqəladə hallarla əlaqədar Fövqəladə Hallara Cavab Məlumat İdarəetmə Sistemini təkmilləşdirmək” mövzusunda təqdimatla çıxış edib. Paula Vaskonselos vurğulayıb ki, Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 infeksiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə koronavirus pandemiyası başlayandan bəri ölkəmiz ilə yaxından əməkdaşlıq edir və bir sıra layihələri birgə həyata keçirir. “Göstərilən dəstək ictimai səhiyyə sahəsində fövqəladə halların qarşısının effektiv formada alınması, aşkarlanması və tədbirlərin gücləndirilməsi məqsədi daşıyır”, - deyə Paula Vaskonselos əlavə edib.

Missiyanın rəhbəri ölkəmizdə səhiyyə sahəsində müasir informasiya texnologiyalarının imkanlarından, xüsusən də Yoluxucu Xəstəliklərin Elektron Müşahidə Sisteminin (YXEMS) geniş istifadə olunmasını yüksək qiymətləndirib. O, YXEMS sisteminin Azərbaycan modelinin digər ölkələrdə də tətbiq olunmasını tövsiyə edəcəyini bildirdi.

Qeyd edək ki, ÜST nümayəndələri və ekspertlərinin missiyası qiymətləndirmə aparılması məqsədilə ölkəmizin səhiyyə obyektlərini ziyarət edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.