DÜNYA
Yonhap: KXDR diplomatı İtaliyadan sığınacaq istəyib
Bakı, 3 yanvar, AZƏRTAC
Koreya Xalq Demokratik Respublikasının İtaliyadakı səfirliyinin müvəqqəti işlər vəkili Co Sonq-gil İtaliyadan sığınacaq istəyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Cənubi Koreyanın Yonhap agentliyi məlumat yayıb. Bildirilir ki, Şimali koreyalı diplomat dekabrın əvvəlində İtaliya hökumətinə müraciət edərək, şəxsi təhlükəsizlik səbəbləri ilə əlaqədar sığınacaq istəyib. Hazırda diplomat və onun ailəsi İtaliya hökumətinin nəzarəti altında təhlükəsiz yerdə saxlanılır.
Co Sonq-gil 2015-ci ilin mayında KXDR-in İtaliyadakı səfirliyində çalışmağa göndərilib. O, Şimali Koreyanın 2017-ci ilin sentyabrında altıncı nüvə silahı sınağından sonra İtaliya hökumətinin tələbi ilə geri çağırılan KXDR səfiri Mun Con-namdan sonra ölkəsinin Romadakı diplomatik missiyasına başçılıq edirmiş. Güman olunur ki, diplomat rəhbərliyin Pxenyana geri qayıtmaq barədə göstərişindən sonra siyasi sığınacaq istəmək qərarına gəlib.
Qeyd edək ki, bundan əvvəl KXDR-in Londondakı səfirliyinin diplomatı Cənubi Koreyaya sığınmışdı.