DÜNYA
Yoşihide Suqa: Ciddi tədbirlər görüləcəyi təqdirdə “Tokio-2020”ni təhlükəsiz keçirmək mümkündür
Tokio, 19 may, AZƏRTAC
Yaponiyanın Baş naziri Yoşihide Suqa hesab edir ki, ciddi antivirus tədbirləri görüləcəyi təqdirdə Tokio Olimpiya və Paralimpiya Oyunlarını təhlükəsiz keçirmək mümkündür.
AZƏRTAC xəbər verir ki, Baş nazir bu barədə bəyanatla mayın 19-da parlamentin yuxarı palatasının plenar iclasında çıxışı zamanı bəyan edib.
Y.Suqa deyib ki, hazırda əsas məsələ koronavirusun yayılmasının qarşısını almaq və insanların sağlamlığını qorumaqdır.
Baş nazir əlavə edib ki, bütün idmançılar və digər iştirakçılar antivirus tədbirlərinə ciddi şəkildə əməl edəcəkləri təqdirdə, onlar rahatlıqla tədbirlərə qatıla biləcəklər.
Y.Suqa qeyd edib ki, Yaponiya hökumətinin ABŞ-ın “Pfizer” farmasevtik şirkətindən aldığı peyvəndlər Oyunlara qatılacaq bütün idmançılara pulsuz peyvənd vurulmasını təmin edəcək. Oyunların rəsmi təşkilatçıları idmançıların yerli sakinlərlə görüşünün qarşısını almaq üçün lazım olan tədbirləri görəcəklər. Hökumət Oyunların təhlükəsiz keçməsi üçün lazım olan bütün addımları atacaq.
Xatırladaq ki, Tokio Olimpiya Oyunları iyulun, Paralimpiya Oyunları isə avqustun sonlarında keçiriləcək. Koronavirus pandemiyasına görə yarışlar bir il müddətinə təxirə salınıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio