DÜNYA
Yoşihide Suqa Koreya Respublikası Prezidentini tənqid edib
Tokio, 11 yanvar, AZƏRTAC
Yaponiyanın yüksəkvəzifəli rəsmi nümayəndəsi Koreya Respublikasının prezidenti Mun Çe-ini bu ölkənin məhkəməsinin müharibə dövründə yapon şirkətində çalışmış işçilərlə bağlı qərarı barədə fikirlərinə görə kəskin tənqid edib.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa bu barədə yanvarın 11-də keçirilən mətbuat konfransı zamanı bəyan edib.
Xatırladaq ki, yanvarın 10-da prezident Mun Çe-in Cənubi Koreya məhkəməsinin Yaponiyanın “Nippon Steel & Sumitomo Metal” şirkətinin II Dünya müharibəsi vaxtı bu şirkətə işləməyə məcbur edilənlərə kompensasiya ödənilməsi barədə qəbul etdiyi qərara münasibət bildirib. Mun Çe-in deyib ki, bu məsələ Cənubi Koreya hökuməti tərəfindən yaradılmayıb və Yaponiya hökuməti məsələyə münasibətdə daha ciddi mövqe nümayiş etdirməlidir.
Yaponiya Nazirlər Kabinetinin baş katibi məsələ ilə bağlı çox böyük təəssüf hissi keçirdiyini bildirərək qeyd edib ki, Mun Çe-inin bu fikirləri məsuliyyəti Cənubi Koreyadan götürüb Yaponiyanın üzərinə qoymaq məqsədi daşıyır. Y.Suqa deyib ki, qarşılıqlı ittihamların aradan qaldırılmasını nəzərdə tutan 1956-cı ildə imzalanmış razılaşma bütün təşkilatları, o cümlədən hər iki ölkənin məhkəmə orqanlarını da əhatə edir. Yaponiya hökuməti bir daha təsdiq edir ki, hərbi dövrlə bağlı bütün ittihamlar ikitərəfli razılaşmada tam və birdəfəlik olaraq həllini tapıb.
Baş katibin sözlərinə görə, Yaponiya hesab edir ki, ötən il Cənubi Koreya Ali məhkəməsinin qəbul etdiyi qərar razılaşmanın pozulmasıdır və yaranmış vəziyyətin düzəlməsində Seul məsuliyyət daşıyır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio