DÜNYA
Yoşihide Suqa yeni islahatyönümlü hökumət qurmaq niyyətindədir
Tokio, 15 sentyabr, AZƏRTAC
Yaponiyanın hakim Liberal Demokratik Partiyasının (LDP) yeni lideri Yoşihide Suqa LDP-nin yeni rəhbərliyinə və hökumətdəki nazir vəzifələrinə islahatyönümlü insanları gətirmək niyyətində olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, o, bu barədə LDP-nin qərargahında keçirilən sədr seçkilərindən sonra jurnalistlərlə görüşü zamanı bəyan edib. Y.Suqanın sentyabrın 16-da parlamentin növbədənkənar sessiyası zamanı Baş Nazir təsdiq ediləcəyi gözlənilir.
KİV nümayəndələri ilə görüşən Y.Suqa vurğulayıb ki, o, düzgün olmayan bütün məsələləri təhlil edərək Yaponiyanı gələcəyə doğru aparmaq istəyindədir. Bu məqsədlə o, xalq üçün işləyəcək kabinet formalaşdırmaq niyyətində olduğunu da bildirib. Bu zaman o, xüsusən islahatları dəstəkləyən və bunun mahiyyətini başa düşən kadrlara üstünlük veriləcəyini xüsusi vurğulayıb.
Aşağı palatanın buraxılacağı və yeni ümumi seçkilərin keçiriləcəyi barədə sualı cavablandıran Y.Suqa deyib ki, koronavirus pandemiyasının sona yaxınlaşdığı mütəxəssislər tərəfindən təsdiq edilməyənədək aşağı palatanın buraxılması çox çətin məsələdir. Xalq pandemiyanın sona çatdığını və iqtisadiyyatın dirçəldiyini görmək istəyir.
Yeni hökumətin Baş Nazir Şinzo Abenin həyata keçirdiyi siyasi xəttə sadiq qalacağını vurğulayan Y.Suqa həm siyasi, həm iqtisadi, həm də beynəlxalq siyasət sahələrində Yaponiyanın maraqlarının əsas götürüləcəyini bildirib. Yaponiya Konstitusiyasına dəyişiklik və əlavələrə gəlincə, bunun LDP tərəfindən irəli sürülmüş təkliflər əsasında davam etdiriləcəyini bildirib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio