REGİONLAR
Yovşan bitkisindən həm heyvandarlıqda, həm mətbəxdə, həm də tibdə istifadə olunur – Ceyrançöldən reportaj VİDEO
Ağstafa, 26 iyun, Ruslan Novruzoğlu, AZƏRTAC
Ceyrançöl ərazisində yabanı halda bitən və minlərlə hektar ərazidə yayılmış yovşan həm heyvandarlıqda, həm mətbəxdə, həm də tibdə istifadə edilir.
AZƏRTAC xəbər verir ki, ölkəmizdə yovşanın onlarla növü yayılıb. Yovşan çöl bitkisi olub mürəkkəbçiçəklər fəsiləsinə aiddir. Xalq arasında “acı yovşan” adı ilə də tanınır.
Yovşanı toplayan zaman diqqətli olmaq lazımdır. Ona toxunduqdan sonra əllərlə gözlərə, dodaqlara, üzə toxunmaq olmaz. Mütəxəssislər yovşan toplayan zaman əlcəkdən və eynəkdən istifadə etməyi məsləhət görürlər. Əsasən çayların sahillərində, çəmənlərdə, otlaqlarda, yüngül məhsuldar torpaqlarda yayılıb. Yovşan xoş qoxulu çoxillik yarımkol bitkisidir.
“Azərbaycanda yovşan bitkisindən daha çox heyvanların qışda yemlənməsi üçün istifadə olunur. Bu bitkinin tərkibində təbii minerallar mövcuddur. Heyvandarlıq sektorunda da mühüm rolu var. Heyvanlarda mədə parazitlərinin tökülməsində mühüm rol oynayır. Bununla yanaşı, mətbəximizdə, əsasən də ətlərin dadlandırılmasında istifadə olunur. Yovşanla qidalandığı üçün Ceyrançöldə bəslənən heyvanların əti daha keyfiyyətli və tərkibindəki minerallar daha çox olur”, – deyə Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı Vəli Musalı bildirib.
Yarpaqlarından və gövdəsinin çiçəklənmiş uc hissəsindən hazırlanan dəmləmə və ekstrakt iştaha artıran vasitə kimi işlədilir. Eyni zamanda, antibakterial xüsusiyyətlərə də malikdir. Azərbaycanda müalicəvi yovşan növü yayın ikinci yarısında çiçəkləyir. Meyvələri noyabr-dekabr aylarında yetişir, toxumları hamar və çıxıntılıdır.
Vəli Musalı qeyd edib ki, yovşan susuzluğa davamlıdır. Ceyrançöl quraq yer olduğu üçün, burada olan bitkilər də suya dözümlüdür. Ona görə də yovşan burada daha çox yayılıb. İyul ayında bu bitkinin çiçəklənmə dövrüdür.
Yarpaqları cövhəri və həlimi mədə-bağırsaq xəstəliklərində, soyuqdəymədə, anginada, sarılıqda, revmatizimdə, diş ağrısında və saçların bərkidilməsində faydalıdır. Park və bağlarda, qarışıq əkinlərdə dekorativ kol kimi də istifadə olunur. Yovşandan hazırlanmış çaylar və ya dəmləmələr bronxial astma xəstəliyində istifadə edilir. Təbii ki, tərkibində yovşan olan dərman preparatları həkimin məsləhəti ilə və müəyyən edilmiş dozada qəbul olunmalıdır.