MƏDƏNİYYƏT


“Yuğ"un aktyorları səhnədə "Quş dili"ndə danışdı

Bakı, 7 dekabr, AZƏRTAC

İnsanın ən böyük təlaşı – itirmək qorxusudur. Bəzən insan içini gəmirən vahimədən xilas olmaq, tapındığı Allahdan, yaşadığı həyatdan nə istədiyini anlamaz. Həyatın ən vacib məqsədi – düzgün olan yolu tapmaqdır. Əhdə sadiq qalmağın yeganə yolu – arif olmaqdır! Yol boyu sayrışan işarələri oxumaq – cəsarət, səmimiyyət, həssaslıq istər. İşarələrin də dili var. Azərbaycan Dövlət “Yuğ” Teatrının 29-cu mövsümdə təqdim etdiyi yeni “Quş dili” tamaşası həyatdakı işarələri duymaq üçün yeni dil təklif edib.

AZƏRTAC xəbər verir ki, dekabrın 7-də Kukla Teatrının səhnəsində premyerası keçirilən tamaşaya baxmağa gələnlər, əslində “Quş dili”ni eşitmək arzusunda olanlar idi.

Tamaşanın müəllifi - rejissor Əbdülqəni Əliyev təqdimatdan əvvəl gənc yazar Təranə Vahidin hekayələri əsasında hazırladığı tamaşanın özəllikləri barədə məlumat verib. Rejissorun sözlərinə görə onu belə bir səhnə əsəri hazırlamağa sövq edən yazıçının dünyaya, ətrafımızda baş verənlərə olduqca fərqli baxışı olub.

Bildirilib ki, quruluşçu rəssamı Umay Həsənova olan səhnə əsərinin musiqi tərtibatı Amid Qasımova məxsusdur. Rolları Əməkdar Artist Yaqut Paşazadə, aktyorlar Qasım Nağı, Təranə Atacan, Elgün Həmidov, İlahə Məmmədzadə və başqaları ifa edir.

Sonra tamaşa təqdim olunub. Tamaşada cərəyan edən hadisələr gözdən uzaq bir dağ kəndində baş verir. Bir gecə kəndə Əzrail gəlir. Əzrailin gəlişi həmişə hadisədir. Ölüm mələyi qızmarda və sazaqda bərkimiş canlardan birini aparır. Hava nə qədər sərt olsa da, amansızlıqda insan laqeydliyinə çatmaz - külüngün torpağa batmadığı bir şaxtada qoca bağban yerdə qalmış tənha ölüyə qəbir qazır, dəfn edir. Səhnə əsərində qaydalar belədir: kütlədən seçildinsə, sınaqlarla üzləşəcəksən. Aşkar sınağın mükafatı isə gizli gələr həmişə. Qoca bağban da həyatının ən ağır imtahanı ilə – ilk, məsum sevgisi ilə sınanacaq. Tamaşada cavab yoxdur, xeyli maraqlı suallar var.

Böyük maraqla qarşılanan tamaşa başa çatdı. Aktyorlar alqışlandı, səhnə də boşaldı. Lakin hər bir iştirakçını saatlarla, bəlkə də günlərlə məşğul edəcək çoxsaylı suallar qaldı. Qaldı ki, insanlar düşünsün.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.