İQTİSADİYYAT
Yük dövriyyəsində dəmir yolu daşımalarının payını artırmaq məqsədilə “AzRusTrans” QSC şirkəti yaradılıb VİDEO
Bakı, 10 oktyabr, Elvin Camalov, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” QSC və Rusiyanın taxıl yüklərinin dəmir yolu ilə daşımaları üzrə nəhəng operatoru “Rusaqrotrans” QSC Rusiya, Azərbaycan, İran, Gürcüstan və Türkiyə arasında yük dövriyyəsində dəmir yolu daşımalarının payını artırmaq məqsədilə “AzRusTrans” QSC müştərək müəssisəsini yaradıb.
AZƏRTAC xəbər verir ki, oktyabrın 10-da Bakıda yeni şirkət Azərbaycanın yükgöndərənlərinə və yük sahiblərinə təqdim olunub. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, müavinləri Vüsal Aslanov və İqbal Hüseynov şirkətin dəmir yollarının yük dövriyyəsinin artırılmasında məqsəd və vəzifələri barədə tədbir iştirakçılarına məlumat veriblər.
Cavid Qurbanov bildirib ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində İranın dövlət sərhədində, Astara çayı üzərində 82,5 metr uzunluğunda dəmir yolu körpüsünün tikinti işləri təxminən bir aya yekunlaşacaq. İşlərin 90 faizi artıq yekunlaşıb.
C.Qurbanovun sözlərinə görə Azərbaycanla İran arasında yük dövriyyəsinin həcmini artırmaq lazımdır. Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi çərçivəsində dünyanın böyük iqtisadiyyatlarını birləşdirəcək. Bu dəhliz tranzit yüklərin daşınması və Azərbaycan Dəmir Yolları üçün çox əhəmiyyətli yoldur.
“Bu layihə Hindistandan başlayaraq, İrandan keçməklə Azərbaycan, Rusiya, Fin körfəzinə qədər ərazini əhatə edir. Təkcə Avropa ilə Hindistan arasında yükdaşımanın həcmi ildə 26 milyon ton təşkil edir. Azərbaycan quruda bu iri dövlətləri birləşdirən yeganə dövlətdir”, - deyə C.Qurbanov vurğulayıb.
O, həmçinin qeyd edib ki, yeni yaradılan “AzRusTrans” QSC-nin hazırda 72 min vaqonu var və yükdaşıma sahəsində böyük təcrübəyə malikdir.
Təqdimatda “Rusaqrotrans” QSC-nin Direktorlar şurasının üzvü Konstantin Zasov, “Rusaqrotrans” QSC-nin Baş direktoru Yuri Kim və direktorlar şurasının sədri Oleq Roqaçov da iştirak edib.
Yeni şirkətin rəhbəri Cavid Quliyev iştirakçılara şirkətin Rusiya, Azərbaycan, İran, Gürcüstan və Türkiyə arasında beynəlxalq daşımalarda olan üstünlüklərindən söz açıb.
Yeni birgə müəssisə fəaliyyəti sayəsində Azərbaycan Dəmir Yolları tərəfindən rekonstruksiya edilmiş nəqliyyat dəhlizləri, əsasən, Bakı-Tbilisi-Qars və “Şimal-Cənub” dəhlizləri Rusiya, Azərbaycan, İran, Gürcüstan və Türkiyə arasında dəmir yolu daşımalarının həcmini artırmağa imkan verəcək. Rusiya-İran, Rusiya-Gürcüstan və Rusiya-Türkiyə istiqamətində taxıl daşımaları daha perspektivli ola bilər.
Sonda “AzRusTrans” QSC ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında 500 taxıldaşıyan vaqonun alınmasına dair müqavilə imzalanıb. Müqaviləni “AzRusTrans” QSC-nin sədri Caviq Quliyev və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Vüsal Aslanov imzalayıb.
Qeyd edək ki, “AzRusTrans” QSC Rusiya Federasiyasında və Azərbaycanda şəxsi qatar parkına sahib olan əsas operatorlardan biri olmağa can atan dəmir yolu şirkətidir. “AzRusTrans” QSC müxtəlif yüklərin, o cümlədən taxıl və digər aqrar yüklərin, meşə materiallarının, mineral gübrələrin, inşaat, konteyner və maye yüklərinin daşınmasını təşkil edir. Şirkət Rusiya və Azərbaycan ərazisində limanlarda yükləmə-boşaltma da daxil olmaqla tranzit daşımalar sahəsində tam xidmət təqdim edir, çatdırma müddətlərini optimallaşdırır, vaqonların izlənməsini təşkil edir, məsləhət və gömrük xidmətləri göstərir, fitosanitar və baytar nəzarəti də daxil olmaqla lazımi sənədləri rəsmiləşdirir.