DÜNYA
Yük təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların sayı 37-yə çatıb VİDEO
Bişkek, 16 yanvar, АZƏRTAC
Türkiyənin ACT şirkətinə məxsus yük təyyarəsinin Bişkek aeroportu yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların sayı 37-yə çatıb.
Qırğızıstan Prezidenti Almazbek Atambayev həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib. Dövlət başçısı qəzanın ətraflı araşdırılması ilə bağlı tapşırıq verib, həlak olanların və yaralananların ailələrinə yardım göstərməyi xahiş edib, yaralananların dövlət hesabına müalicə ediləcəyini deyib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, təyyarə “Manas” Beynəlxalq aeroportunun qalxma-enmə zolağına 1,2 kilometr qalmış yerə çırpılıb. Təyyarə Bişkek ətrafındakı qəsəbəyə düşdüyünə görə həlak olanların çoxu burada yaşayan sakinlərdir. Qırğızıstan Hökumətinin verdiyi məlumata əsasən, təyyarə düşən ərazidə 32 fərdi ev dağılıb.
Qırğızıstanın səhiyyə naziri Talanbek Batıaliev qəza yerindədir və xilasetmə işləri davam etdirilir. O deyib ki, səkkiz nəfər ağır vəziyyətdə xəstəxanaya göndərilib, bunların altısı uşaqdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek