İQTİSADİYYAT


Yükdaşıma fəaliyyəti ilə məşğul olan sahibkarların və sürücülərin nəzərinə

Bakı, 8 may, AZƏRTAC

Müşahidələr göstərir ki, bəzi fiziki və hüquqi şəxslər tərəfindən yük avtomobilləri oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla normadan artıq yüklənir və bu formada ümumi istifadədə olan avtomobil yollarında idarə edilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, belə hallar inzibati xəta tərkibi yaratmaqla yanaşı, nəqliyyat vasitələrinin hərəkəti zamanı avtomobil yoluna və yol qurğularına zərər dəyməsinə, yol örtüyünün və yolun mühəndis konstruksiyasının zədələnməsinə səbəb olur.

Bununla yanaşı, avtomobil yollarında yüklərin daşınmasında texniki cəhətdən nasaz və istismara yararsız nəqliyyat vasitələrindən də istifadə edilir ki, həmin avtomobillərdə nasazlıq yarandığı zaman yol kənarlarında və ya yolların hərəkət hissəsində saxlanılmaqla hərəkətin intensivliyinə maneçilik yaradır və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına ciddi təhlükə törədir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərdən yüklərin daşınması zamanı yükdaşıma normalarına və təhlükəsizlik tədbirlərinə riayət olunmasını xahiş edir.

Həmçinin bildirilir ki, bu sahədə inzibati xətalara yol vermiş şəxslərin barəsində ciddi inzibati tənbeh tədbirləri görüləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.