İQTİSADİYYAT
Yüklərin Azərbaycanın tranzit marşrutlarına cəlbi üçün yeni tərəfdaşlarla danışıqlar aparılır
Bakı, 12 iyun, Elvin Camalov, AZƏRTAC
Dəmir yolu daşımalarında yüklərin Azərbaycanın tranzit marşrutlarına cəlbi üçün yeni tərəfdaşlarla danışıqlar aparılır.
Bakıda keçirilən XVII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransCaspian/Translogistica – 2018” sərgisində “Azərbaycan Dəmir Yolları” QSC, “ADY Express” MMC və “ADY Container” MMC ilə birgə təmsil olunublar.
AZƏRTAC xəbər verir ki, Xəzəryanı regionunda aparıcı nəqliyyat tədbiri sayılan “TransCaspian/Translogistica – 2018” sərgisində Orta Koridor və ya Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, “Şimal-Cənub” və “Cənub-Qərb” Beynəlxalq Nəqliyyat Dəhlizləri, Bakı-Tbilisi-Qars və Astara (Azərbaycan)-Astara (İran) nəhəng nəqliyyat layihələri sərgi iştirakçılara təqdim edilib. Hazırda dünyada tranzit daşımalarda əsas tərəfdaş kimi qəbul edilən Azərbaycanın bu sahədəki imkanlarını nümayiş etdirən “ADY”, “ADY Express” və “ADY Container” əməkdaşları, ölkənin Avropa ilə Asiya arasında əsas əlaqələndirici məntəqəyə çevrilməsi haqda ziyarətçilərə məlumatlar çatdırıblar. Dəmir yolu daşımalarında yeni tərəfdaşlarla danışıqlarda, yüklərin Azərbaycanın tranzit marşrutlarına cəlb olunması istiqamətində əməli tədbirlərin görülməsi məsələsi ətrafında müzakirələr aparılıb.