ELM VƏ TƏHSİL


Yüksək Texnologiyalar Parkı İstanbulda yerləşən universitet və texnoparklarla əməkdaşlıq edəcək

Bakı, 30 iyul, AZƏRTAC

Yüksək Texnologiyalar Parkının İnkubasiya və Texnologiyaların Transferi Mərkəzinin şöbə müdiri Bünyamin Seyidov və Radiasiya Problemləri İnstitutunun aparıcı mühəndisi Namiq Heydərov Türkiyəyə səfər çərçivəsində İstanbul şəhərində yerləşən ən qabaqcıl texnoparklarda olublar.

Bu barədə AZƏRTAC-a Yüksək Texnologiyalar Parkından məlumat verilib. Bildirilib ki, İstanbul Texnik Universiteti Texnoparkının Baş direktoru professor Atilla Dikbaş, Özyegin Universitetinin Bilik, Texnologiyaların Transferi və Sahibkarlıq Departamentinin rəhbəri İsmayıl Ari, Bilişim Vadisinin Dizayn Mərkəzinin direktoru Pinar Sipahi, İstanbul Koç Universitetinin Texnologiyaların Transferi Mərkəzinin direktoru Ebru Tan və Yıldız Texniki Universitetinin Beynəlxalq və İnvestisiya Əlaqələri Departamentinin direktoru Baran Kılıçer ilə keçirilən görüşlərdə adı çəkilən qurumların fəaliyyəti ilə bağlı təqdimatlar dinlənilib, müzakirələr aparılıb və əməkdaşlığa dair təkliflər səsləndirilib.

Həmçinin Yüksək Texnologiyalar Parkının inkişaf etdirilməsi, Azərbaycanda universitet-sənaye əməkdaşlığının gücləndirilməsi, Texnologiyaların Transferi mərkəzlərinin əhəmiyyəti, İnkubasiya mərkəzləri vasitəsilə ideyadan sahibkarlığa doğru irəliləməyin yollarına dair tövsiyələr verilib.

Görüşlər zamanı Azərbaycanda innovasiya ekosisteminin gücləndirilməsi istiqamətində Türkiyənin aidiyyəti qurumlarının hər zaman birgə əməkdaşlığa hazır olduğu bildirilib. Nəticə olaraq YT Parkın İnkubasiya və Texnologiyaların Transferi Mərkəzinin fəaliyyətini gücləndirmək məqsədilə sahibkarlığa dair mentorluq xidmətləri və digər təlimlərin verilməsi, əqli mülkiyyətlərin qorunması prosesi, Avropa İttifaqı layihələrində birgə iştirak, prototip emalatxanasının qurulması və digər istiqamətlərdə Türkiyənin adı çəkilən qurumları tərəfindən dəstəyin verilməsinə dair razılıq əldə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.