ELM VƏ TƏHSİL


Yüksək Texnologiyalar Parkı sahibkarları rezident olmağa dəvət edir

Bakı, 2 dekabr, AZƏRTAC

AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) infrastrukturunun gücləndirilməsi ilə bağlı kompleks tədbirlər həyata keçirilir. YT Park yüksək texnologiyaların hazırlanması, işlənilməsi və təkmilləşdirilməsi məqsədilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi üçün zəruri infrastrukturu olan ərazidir.

YT Parkdan AZƏRTAC-a bildirilib ki, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən və 20 hektardan çox sahəsi olan texnopark ərazisinin genişliyi rezidentlərin sayını artırmağa imkan verir. Yerli şirkətlərlə əməkdaşlıq edərək elmin kommersiyalaşdırılması sahəsində daha böyük uğurlar əldə etmək, iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına nail olmaq qurumun əsas məqsədlərindəndir. Burada innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli elmtutumlu istehsalın inkişafı, xidmətlərin göstərilməsi üçün münbit şərait mövcuddur. Həmçinin YT Park elmtutumlu fəaliyyəti dəstəkləyərək, ərazisində fəaliyyət göstərən rezidentlərə lazımi şərait və müvafiq imtiyazlar təqdim edir. Rezidentlər 10 il müddətinə əmlak, torpaq və mənfəət vergisindən azad olunur. Bundan əlavə, rezidentlərə idxal olunan texnika, texnoloji avadanlıq və qurğulara görə 7 il müddətinə gömrük rüsumlarını və əlavə dəyər vergisini ödəməməklə bağlı güzəştlər tətbiq olunur.

Yüksək Texnologiyalar Parkının rezidentləri zəruri olan qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya kimi kommunal-kommunikasiya xətləri ilə təmin olunurlar. Bu da sahibkarların daha səmərəli fəaliyyət göstərmələrinə imkan yaradır.

Texnopark elm və innovasiyayönümlü yerli şirkətləri rezident olmağa, yaradılmış imkanlardan istifadə etməyə, həmçinin səmərəli əməkdaşlığa dəvət edir.

Rezident olmaq istəyən namizədlər üçün Yüksək Texnologiyalar Parkının www.ameaytp.az saytında müvafiq məlumatlar yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.