ELM VƏ TƏHSİL
Yüksək Texnologiyalar Parkında Ulu Öndərin 100 illiyi münasibətilə anım tədbiri keçirilib
Bakı, 8 may, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında (YTP) Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a YTP-dən məlumat verilib. Bildirilib ki, tədbirdə YTP və onun rezidentlərinin əməkdaşları ilə yanaşı, Azərbaycanda səfərdə olan Moskva Yaradıcı Sənayelər Agentliyinin baş direktoru Gülnarə Aqamova, baş direktorun birinci müavini Anastasiya Orlova, biznes missiyasının operatorları Mixail Kim, Antonina Yevdokimova və Nadejda Linnas da iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin YTP-dəki büstü önünə gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbiri YTP-nin baş direktoru Vasif Abbasov açaraq görkəmli dövlət xadimi Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət olduğunu bildirib. O, Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərmiş Ulu Öndər Heydər Əliyevin ölkə iqtisadiyyatı və sənayesinin dirçəlməsi istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətdən bəhs edib.
V.Abbasov vurğulayıb ki, dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada dayanan Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynayıb. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olub, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilib. Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti öz ərazi bütövlüyünü qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirib.
Baş direktor V.Abbasov Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılmış YTP-nin də ölkəmizin iqtisadi inkişafına mühüm töhfələr verməkdə olduğunu vurğulayıb. Əlavə edib ki, texnopark rəqəmsal texnologiyalara əsaslanan biznesin inkişafına, həmçinin ölkədə sahibkarlıq fəaliyyətinin artırılmasına böyük dəstək göstərir.
YTP-nin icraçı direktoru Zaur Nəhmətov dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyevin bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edildiyini vurğulayıb. Bildirib ki, xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, Ulu Öndərin yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.
Z.Nəhmətov qeyd edib ki, müstəqil Azərbaycan Ümummilli Liderin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir: “Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir”.
Tədbirdə çıxış edənlər dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizin inkişafı naminə göstərdiyi əvəzsiz xidmətlərdən bəhs ediblər. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin müxtəlif tarixi məqamlarda siyasi uzaqgörənlik nümayiş etdirərək hadisələrə vaxtında verdiyi reaksiya, xalq və dövlət naminə qəbul etdiyi düzgün qərarlar Azərbaycan dövlətinin siyasi, iqtisadi, hərbi və ideya baxımından güclənməsində aparıcı rol oynayıb.