ELM VƏ TƏHSİL


Yüksək Texnologiyalar Parkında yeni molekulyar biotexnologiyaya dair elmi məruzə dinlənilib

Bakı, 12 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkında (YT Park) Türkiyənin Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov “Yüksək stabil və funksional aktiv vaksinlərin, terapevtik zülalların və sənaye fermentlərinin bitki yarpaqlarında sintezini təmin edən yeni molekulyar biotexnologiya” mövzusunda elmi məruzə ilə çıxış edib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, məruzədə vaksinlərin, sənaye və insan fermentlərinin, təbii qida əlavələrinin DNT əsaslı texnologiyalar vasitəsilə yaradılması və istehsalının təşkilinin müasir dövrün ən mühüm problemlərindən olduğu qeyd edilib. Alim son illərdə bitki ekspressiya sistemlərinin iqtisadi və təhlükəsizlik baxımından perspektivli olduğu üçün istehsalda daha çox istifadə edildiyini söyləyib: "Müəyyən hallarda sistem belə tipli zülalların istehsalına uyğun olmadıqda problemin aradan qaldırılması üçün yeni hazırlanmış molekulyar biotexnologiyadan istifadə zərurəti də yaranır. Bu məqsədlə daha mükəmməl texnologiyalar hazırlanır".

T.Məmmədov ilk dəfə bu texnologiyadan istifadə etməklə malyariyaya qarşı bitkilərdə uğurla sintez edilən, yüksək göstəricilərə malik yeni nəsil vaksinin əldə olunduğunu vurğulayıb.

Məruzəçi alınan nəticələrin patentləşdirildiyini və nüfuzlu “PLOS ONE” jurnalında dərc olunduğunu deyib. Həmçinin bildirib ki, bu texnologiya müxtəlif rekombinant və terapevtik zülalların, vaksinlərin, təbii qida əlavələrinin, eləcə də sənaye enzimlərinin sintezi üçün də geniş imkanlar yaradır.

Professor rekombinant zülalların ölkə daxilində istehsal olunub satışa çıxarılmasının böyük iqtisadi səmərə verəcəyini diqqətə çatdırıb.

Məruzə dinlənildikdən sonra Yüksək Texnologiyalar Parkında rekombinant zülalların, qiymətli dərman preparatlarının istehsalının iqtisadi səmərəliliyi haqqında təkliflər verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.