REGİONLAR


Yüksək balla tələbə adı qazanan Elşən Cavadzadə: Gələcək hədəfim ölkəmizi xaricdə təmsil etməkdir VİDEO

İmişli, 6 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC

Bu il ali məktəblərə qəbul imtahanlarında II ixtisas qrupu üzrə yüksək bal toplayan abituriyentlərdən biri də İmişli rayonundan olan Cavadzadə Elşən Asəf oğludur. O, buraxılış imtahanında 273,1 bal, qəbul imtahanında isə 380,3 bal olmaqla, ümumilikdə, 653,4 bal toplayıb. İstedadlı gənc artıq gələcək hədəfləri barədə düşünür.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəbdə təhsili ilə yanaşı, tərbiyəsi ilə də seçilən Elşən müəllimlərinin əziyyətini hədər etməyib. İmişli şəhər Nəriman Nərimanov adına 1 saylı Humanitar Fənlər Təmayüllü Məktəb-Liseyin şərəf lövhəsində hər zaman şəkli olan Elşən buraxılış imtahanında maksimum hədəf uğrunda çalışıb və 273,1 bal toplayaraq yüksək nəticə qazanıb. Bundan sonra isə qəbul imtahanında yenidən maksimum nəticəyə çatmağı qarşıya məqsəd qoyub və 380,3 bal toplayıb.

Elşən Cavadzadə bildirir ki, bir sahədə uğur əldə etmək üçün əvvəlcə ona inanmaq lazımdır. Digər bir şərt isə daim öz üzərində çalışmaq və asudə vaxtı səmərəli keçirməkdir. Orta məktəb dövründə bir çox intellektual yarışlarda və fənn olimpiadasında yüksək nəticə göstərən Elşən asudə vaxtlarını idman etməklə, incəsənətlə məşğul olmaqla və kitab oxumaqla keçirir.

Onun sözlərinə görə, pandemiya şəraiti olmasına baxmayaraq, dövlət tərəfindən şagirdlərin təhsili üçün lazımi şərait yaradılıb. Əbəs yerə deyil ki, rayonda həm müəllimlərin səyi nəticəsində, həm də distant təhsildən yararlanan şagirdlər uğurlu nəticələrə nail olublar.

Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakültəsinə ingilis dili üzrə qəbul olan Elşənin yeni hədəfi də məlumdur: Azərbaycanı gələcəkdə xaricdə təmsil etmək.

Elşənin atası Asəf Cavadov deyir ki, şagirdlərin yüksək bal toplaması dövlətin təhsilə olan diqqət və qayğısının bariz nümunəsidir: “Son illər dünyada tüğyan edən pandemiya ölkəmizdən də yan keçməyib. Əyani təhsil dayansa da, distant təhsil sayəsində şagirdlər dərslərdən geri qalmadılar. Bunun nəticəsidir ki, bu il bir çox şagird tələbə adını qazandı və onlar içərisində kifayət qədər yüksək nəticə göstərənlər də var”.

Qeyd edək ki, Elşən Cavadzadə tam orta təhsilini də “Fərqlənmə attestatı” ilə başa vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.