REGİONLAR
Yüksək gəlirli sahələrin inkişafına yönələn dövlət dəstəyi tədbirləri ilkin nəticələrini verməyə başlayıb
Bakı, 15 may, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq pambıqçılıq, baramaçılıq, çayçılıq və fındıqçılıq kimi yüksək gəlirli sahələrin inkişafı istiqamətində həyata keçirilən kompleks dövlət dəstəyi tədbirləri artıq ilkin nəticələrini verməyə başlayıb.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, 2016-cı ildə 87,2 min ton və ya əvvəlki illə müqayisədə 2,5 dəfə çox pambıq istehsal edilib. Yaxın illərdə pambıq istehsalının təqribən 500 min tona çatdırılması ilə bağlı məqsədyönlü tədbirlər görülür.
Həmçinin 2007-ci ildən bəri ilk dəfə olaraq 2016-cı ildə 70,7 ton yaş barama məhsulu istehsal olunub. Baramaçılığın inkişafının sürətləndirilməsi və yem bazasının bərpası məqsədilə 1,5 milyon ədəd məhsuldar tut (çəkil) tingləri alınıb və 37 rayonda çəkil bağları salınıb.
Ölkədə çayçılığın inkişafına dövlət dəstəyi tədbirləri də öz müsbət nəticələrini göstərməkdədir. Belə ki, ötən il çay plantasiyalarından toplanmış yaşıl çay yarpağının istehsalı əvvəlki illə müqayisədə 75,4 faiz artaraq 1000 tondan çox olub. Sahibkarlar tərəfindən yeni çay plantasiyalarının salınması işi davam etdirilir.
Kənd təsərrüfatının mühüm əhəmiyyətli ixracyönümlü sahəsi kimi fındıqçılığın da inkişafına ciddi dövlət dəstəyi göstərilməklə, əlverişli torpaq-iqlim şəraitinə malik olan rayonlarda 12 min hektara yaxın sahədə yeni fındıq bağları salınıb. Bu da mövcud bağların bir il ərzində 37 faizdən çox genişləndirilməsi deməkdir.