ELM VƏ TƏHSİL
“Yüksək nüfuzlu elmi jurnalların tələbləri və ingilisdilli elmi məqalələrin yazılış qaydaları” – təlim

Bakı, 10 iyun, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Dendroxronologiya laboratoriyasının müdiri biologiya üzrə fəlsəfə doktoru Ramazan Məmmədov tərəfindən “Clarivate Analytics” elmmetrik bazasından istifadə imkanlarının araşdırılması üzrə təlim keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, təlim “Yüksək nüfuzlu elmi jurnalların tələbləri və ingilisdilli elmi məqalələrin yazılış qaydaları” mövzusuna həsr olunub. Təlimçi təbiət və texniki elmlər sahəsində nüfuzlu elmi jurnalların seçilməsi yollarını əyani göstərərək məqalələrin ingilis dilində yazılmasına və xarici jurnalların tələblərinə uyğun tərtib olunmasına dair tövsiyələrini verib.
Tədbirdə iştirak edən institutun elmi heyəti, o cümlədən laboratoriya, şöbə müdirləri, elmi rəhbərlər, magistrantlar və doktorantlar ilə WoS, JCR, EndNote (Match), Master Journal List məlumat-axtarış sistemlərindən istifadə qaydalarına dair və digər praktiki məsələlər ətrafında müzakirələr aparılıb.
Təlim “Web of Science” platformasında effektiv axtarış aparmağın yolları, elmi məqalələri təqdim etmək üçün jurnalların seçilməsi, “yırtıcı jurnallar”la bağlı problemlər, müəlliflərin “Publons”da ResearcherID profili, H indeks və elmi məhsuldarlıqla bağlı digər müəllif identifaktorları haqqında mövzuları əhatə edib.
Məqalələrin adı, annotasiyası, açar sözləri, müşayiət məktubu (cover letter) və s. bilgilər interaktiv nümayiş olunub. Məqalələrin tərtibində yer alan ədəbiyyatların siyahı halında yazılması qaydaları haqqında geniş məlumat verilib.
Təlimdə mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.