CƏMİYYƏT
Yüksək toksiki-ekoloji təhlükəli preparatların tətbiqi üzrə cavabdeh şəxslərlə görüş keçirilib
Bakı, 11 iyul, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyində yüksək toksiki-ekoloji təhlükəli preparatların tətbiqi üzrə regional bölmələrin cavabdeh şəxsləri ilə görüş keçirilib.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, pestisidlər, bioloji preparatlar, aqrokimyəvi maddələr və digər bitki mühafizə vasitələrinin istehsalına, saxlanmasına, satışına, tətbiqinə, idxal-ixracına, həmçinin bütün növ bitkiçilik məhsullarında, yemlərdə, yem əlavələrində və torpaqda qalıq miqdarına nəzarət tədbirləri ilə bağlı iştirakçılara məlumat verilib.
Qeyd olunub ki, yüksək toksiki-ekoloji təhlükəli preparatların və onların analoqlarının tətbiqi yalnız Agentliyin regional bölmələrinin müvafiq rəyi və nəzarəti altında həyata keçirilməlidir.
Eyni zamanda, bu sahədə fəaliyyət göstərən sahibkarlara, həmçinin şəxsi təsərrüfatla məşğul olan şəxslərə mütəmadi dəstək göstərilməsinin zəruriliyi qeyd olunub.
Tədbirdə “Pestisidlərdən istifadə zamanı təhlükəsizlik və şəxsi gigiyena qaydalarına dair” təlimat paylanılıb.
Agentliyin regional bölmələri üzrə cavabdeh şəxslər fəaliyyətləri zamanı həmin təlimatdan istifadə edəcək, bu sahədə fəaliyyət göstərən sahibkarların, həmçinin kəndlilərin dəstəklənməsi istiqamətində lazım olan tədbirləri həyata keçirəcəklər.