ELM VƏ TƏHSİL


“Yüksəliş” müsabiqəsi Dövlət İdarəçilik Akademiyasında təhsil alan dövlət qulluqçularına təlimlərə başlayıb

“Yüksəliş” müsabiqəsi Dövlət İdarəçilik Akademiyasında təhsil alan dövlət qulluqçularına təlimlərə başlayıb

Bakı, 30 mart, AZƏRTAC

“Yüksəliş” müsabiqəsi Dövlət İdarəçilik Akademiyasında təhsil alan dövlət qulluqçularına təlimlərə start verib.

AZƏRTAC xəbər verir ki, təlimlər müsabiqənin qalibləri, tərəfdaşı olan qurumların əməkdaşları və İşçi qrupunun üzvü tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirilir. Təlimlərin keçirilməsində başlıca məqsəd təlimçilərin ixtisaslaşdığı sahələr üzrə öz peşəkar təcrübələrini paylaşması, iştirakçıların karyera inkişafı istiqamətində suallarına aydınlıq gətirməkdir. Təlimlər birinci “Yüksəliş” müsabiqəsinin qaliblərindən Fəxri Hüseynov, Ramtiq Alızadə, Orxan Quliyev, Fərrux Əliyev, Xamis Seyranov və ikinci müsabiqənin qaliblərindən Nərgiz İsmayılova və Xanbaba Sultanlı tərəfindən keçirilir. Təlimlər aprelin 15-dək davam edəcək. Təlimlər iş prosesinin təşkili, liderlik və idarəetmə olmaqla 3 mövzu bloku üzrə təşkil olunub. Ümumilikdə hər biri 2 saat olmaqla 14 təlimin keçirilməsi nəzərdə tutulur. Təlimlər “Şəxsi məlumatların qorunması və IT təhlükəsizliyi”, “Təqdimat bacarıqları”, “Danışıqların aparılması”, “Emosional zəka”, “Rəy vermək və qəbul etmək sənəti”, “İnnovasiyaların tətbiqi və onların idarə edilməsi”, “Beynəlxalq və regional proseslərin təhlili” kimi bir sıra mövzuları əhatə edir.

İlk təlim birinci “Yüksəliş” müsabiqəsinin qalibi Fəxri Hüseynov tərəfindən “Şəxsi məlumatların qorunması və informasiya texnologiyaları təhlükəsizliyi" mövzusunda baş tutub.

Qeyd edək ki, üçüncü “Yüksəliş” müsabiqəsinin qeydiyyatı martın 31-i saat 18:00-dək davam edəcək.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikası vətəndaşlarını əhatə edir. Müsabiqə qalibləri idarəçi rəhbərlər tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

2023-cü ildə isə növbəti - üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2022-ci il dekabrın 20-də Sərəncam imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.