CƏMİYYƏT
“Yüksəliş” müsabiqəsi bütün gənclərə alternativsiz imkanlar yaradır
Bakı, 28 yanvar, AZƏRTAC
“Yüksəliş” müsabiqəsi Azərbaycan gəncləri üçün misli görünməmiş yeni və innovativ imkanlar yaradır. Müsabiqənin önəmindən bəhs edən Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi şərhçi Tural İsmayılov AZƏRTAC-a açıqlamasında bunları bildirib: “Ötən il ölkə gəncliyi üçün bir çox əlamətdar hadisələrlə yadda qaldı. Azərbaycanda bütün dövlət qurumlarını əhatə edən könüllülük hərəkatının coğrafiyası, imkanları və fəaliyyət sferaları genişləndi. “ASAN xidmət”dən start götürən könüllü gənclər hərəkatı tezliklə bütün dövlət qurumlarında tətbiq olunmağa başlandı. Könüllülük hərəkatı Azərbaycanda diaspordan miqrasiyaya qədər müxtəlif sahələr üzrə praktiki təlimlər keçərək geniş dünya görüş qazanan yeni gənclik erasına təkan verdi. Bundan başqa ölkədə keçirilən bütün dünya səviyyəli tədbirlərdə də könüllü gənclərin imkanlarından və bacarıqlarından istifadə edilərək ikitərəfli mühüm dividentlər əldə edildi. Bu prosesdən həm gənclər qazanır, həm də dövlətimiz. 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi bu sahədə cari ilin müstəsna olacağını deməyə imkan verir. Bu il könüllülüyə daha da diqqət ayrılacaq, eyni formada, ölkədə Avro-2020 yarışları və Formula 1 yarışlarının təşkilində könüllülərin geniş iştirakı da göz önündə olacaq. Azərbaycan gəncliyi üçün məhz ölkə rəhbərliyinin geniş diqqəti nəticəsində tamam yeni bir səhifə açılıb”.
Bu tədbirlərin fonunda “Yüksəliş” müsabiqəsinə start verilməsinin xüsusi önəmi olduğunu vurğulayan ekspert bunları söyləyib: “Bu müsabiqə dövlət qulluğu, özəl sektor demədən Azərbaycan gəncliyini əhatə edən kompleks və mükəmməl müsabiqədir. Təsəvvür edin ki, tələbləri ödəyən intellektual bacarıqlı, innovativ, yenilikçi gənclər harada çalışmağından asılı olmayaraq həm özləri üçün yeni imkanlar əldə edəcək, özünü daha da təkmilləşdirəcək, həm də dövlətin kadr siyasətində mühüm bir fraqmentə çevriləcəklər. Bu müsabiqənin ilkin mərhələsində uğur qazanan gənclərdən 20 finalçıya proqramlar çərçivəsində bacarıqlarını artırmağa kömək edəcək qrantlar veriləcək. Gənclər sonrakı mərhələdə mühüm dövlət adamlarından, nazirlərdən karyera məsləhətləri alacaqlar, onlarla seminarlardan geniş imkanlar qazanaraq öz təcrübi biliklərini artıracaqlar. Bu müsabiqənin ən böyük töhfələrindən biri gəncləri nəzəri biliklə yanaşı, praktiki baxımdan zənginləşdirməkdir”.
T. İsmayılov bildirib ki, bu müsabiqə idarəetmə qabiliyyəti yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini də təmin edəcək. “Yüksəliş” müsabiqəsi insan kapitalına ölkə rəhbərliyinin ayırdığı yüksək diqqətin bariz örnəyidir. Bu baxımdan istedadlı gənclər müsabiqəyə qoşulmalı və fəal olmalıdırlar”.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis edilib. Müsabiqənin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi də yaradılıb. Müsabiqə üzrə cari işlərin həyata keçirilməsi üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Gənclər və İdman Nazirliyinə bir milyon manat ayrılıb.