CƏMİYYƏT


“Yüksəliş” müsabiqəsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin birinci iclası keçirilib

Bakı, 31 iyul, AZƏRTAC

“Yüksəliş” müsabiqəsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib.

Təşkilat komitəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, müsabiqənin Təşkilat Komitəsinin rəhbəri Fərəh Əliyeva tədbiri açaraq bu Sərəncamın əsas məqsədinin açıq müsabiqə vasitəsilə yüksək idarəetmə qabiliyyətinə malik, rəhbər vəzifələrdə çalışmaq perspektivi olan, istedadlı idarəçiləri müəyyən edərək kadr ehtiyatı bazasını yaratmaq, eləcə də ölkəmizdə yeni nəsil idarəçilərin yetişdirilməsinə kömək göstərmək, sosial lift mexanizmləri vasitəsilə müasir, intellektual səviyyəsi yüksək olan insanların inkişafı üçün bərabər imkanları genişləndirmək olduğunu qeyd edib.

İclasda müsabiqənin keçirilməsinin əsas məqsədləri, qaydalar, mexanizmlər, işçi qrupunun tərkibi və fəaliyyət istiqamətləri, mükafatlar, qaliblərlə iş və digər məsələlər müzakirə olunub. Bildirilib ki, bu müsabiqəyə intellektual potensialına güvənən, liderlik və idarəetmə bacarıqları olan, dövlət və özəl sektorda istənilən vəzifədə çalışanlar qoşula bilər. Müsabiqənin bir neçə mərhələdən ibarət olması planlaşdırılır. Hər mərhələdə iştirakçılar bilik və bacarıqlarını nümayiş etdirməlidirlər. Ən yüksək nəticə göstərən iştirakçılar qalib elan olunacaq və adları kadr ehtiyatı bazasına daxil ediləcək. Qaliblərin kadr hazırlığı üzrə müxtəlif təhsil və digər proqramlarla təltif edilməsi də nəzərdə tutulur. Eyni zamanda, Təşkilat Komitəsinin müəyyən etdiyi idarəçi rəhbərlər qaliblərlə birbaşa işləyəcəklər. Bununla da qaliblər praktiki biliklərini artırmaq imkanı əldə edəcəklər.

Müsabiqə ilə bağlı geniş məlumatlandırma kampaniyasının keçirilməsi qərara alınıb. Müəyyən yaş kateqoriyasına aid və müvafiq təcrübəyə malik hər bir vətəndaş üçün açıq olacaq müsabiqənin internet səhifəsinin tez bir zamanda hazırlanmasına dair tapşırıqlar verilib.

Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev işçi qrupunun rəhbəri təyin edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.