ELM VƏ TƏHSİL


“Yüksəliş” müsabiqəsi yarımfinal və final öncəsi təlimlərə başlayıb

Bakı, 30 iyun, AZƏRTAC

“Yüksəliş” müsabiqəsinin İşçi Qrupu peşəkar ekspert heyətinin iştirakı ilə təlimlərə başlayıb. Yarımfinal və final mərhələlərinin hazırlığı məqsədilə təşkil olunan təlimlərdə xarici ekspertlər üç gün ərzində 70 ekspertə təlim keçəcək. Eyni zamanda, onlar müsabiqənin yarımfinal və final mərhələlərində iştirak edərək öz tövsiyələrini verəcəklər.

AZƏRTAC xəbər verir ki, təlimlər yarımfinal və final mərhələlərinin formatında təşkil olunacaq. İştirakçılar oxşar imtahan vəziyyətini simulyasiya edəcək və onların səriştələri ekspertlər tərəfindən qiymətləndiriləcək. Bununla yanaşı, təlim iştirakçılarına qiymətləndirmə meyarları, qiymətləndirmə mərkəzlərinin fəaliyyəti, tətbiqi və ekspertlərin rolu ilə bağlı məlumat veriləcək. Ekspertlər qiymətləndirmə sahəsində geniş təcrübəyə malik peşəkar psixoloqlar və Azərbaycanın qabaqcıl dövlət və özəl təşkilatlarının insan resursları üzrə mütəxəssisləridir.

Yarımfinalda iştirakçıların 9 səriştəsi (strateji düşünmək bacarığı, nəticələrə yönəlmək bacarığı, komandada işləmək bacarığı, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, liderlik, sosial məsuliyyət və effektivliyin idarə edilməsi) ekspertlər tərəfindən qiymətləndiriləcək. Qiymətləndirmə təqdim edilən keyslər üzərində aparılacaq. Keyslər müasir dünya təcrübəsi əsasında və qabaqcıl format üzərində hazırlanıb, Azərbaycanın iqtisadiyyatı, sosial, insan resursları və yenidənqurma sahəsini ehtiva edir.

Xatırladaq ki, müsabiqənin yarımfinal mərhələsi iyulun 1-3-də “Bakı Ekspo Mərkəzi”ndə keçiriləcək. Əvvəlki mərhələləri uğurla başa vuran 332 nəfər yarımfinalda iştirak hüququ qazanıb.

“Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət xadimlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.