ELM VƏ TƏHSİL
“Yüksəliş” müsabiqəsi yarımfinal və final öncəsi təlimlərə start verib
Bakı, 24 iyun, AZƏRTAC
“Yüksəliş” müsabiqəsinin İşçi Qrupu iyunun 24-dən peşəkar ekspert heyətinin iştirakı ilə təlimlərə başlayıb.
AZƏRTAC xəbər verir ki, yarımfinal və final mərhələlərinin hazırlığı məqsədilə təşkil olunan təlimlərdə xarici ekspertlər üç gün ərzində 69 ekspertə təlim keçəcək. Eyni zamanda, onlar müsabiqənin yarımfinal və final mərhələlərində iştirak edərək öz tövsiyələrini verəcəklər.
Təlimlər yarımfinal və final mərhələlərinin formatında təşkil olunacaq. İştirakçılar oxşar imtahan vəziyyətini simulyasiya edəcək və onların səriştələri ekspertlər tərəfindən qiymətləndiriləcək. Bununla yanaşı, təlim iştirakçılarına qiymətləndirmə meyarları, qiymətləndirmə mərkəzlərinin fəaliyyəti, tətbiqi və ekspertlərin rolu ilə bağlı məlumat veriləcək. Ekspertlər qiymətləndirmə sahəsində geniş təcrübəyə malik peşəkar psixoloqlar və Azərbaycanın qabaqcıl dövlət və özəl təşkilatlarının insan resursları üzrə mütəxəssisləridir.
Yarımfinalda iştirakçıların 9 səriştəsi (strateji düşünmək, iş icrasının idarə edilməsi, nəticələrə yönəlmək, komandada işləmək, kommunikasiya, dəyişikliklərin idarə edilməsi, innovativliklərin tətbiqi, büdcənin idarə edilməsi bacarıqları və sosial məsuliyyət) ekspertlər tərəfindən qiymətləndiriləcək. Qiymətləndirmə təqdim edilən keyslər üzərində aparılacaq. Keyslər müasir dünya təcrübəsi əsasında və qabaqcıl format üzərində hazırlanıb, Azərbaycanın iqstiqsadiyyatı, sosial, insan resursları və yenidənqurma sahəsini ehtiva edir.
Xatırladaq ki, müsabiqənin yarımfinal mərhələsi iyunun 27-28-də Bakı Ekspo Mərkəzində keçiriləcək. Əvvəlki mərhələləri uğurla başa vuran 309 nəfər yarımfinalda iştirak hüququ qazanıb.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.