İQTİSADİYYAT
“Yüksəliş” müsabiqəsində qalib olmuş SOCAR əməkdaşları ilə görüş keçirilib
Bakı, 2 avqust, AZƏRTAC
SOCAR-ın prezidenti Rövşən Nəcəf “Yüksəliş” müsabiqəsində qalib olmuş SOCAR əməkdaşları ilə görüşüb.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, görüşdə R.Nəcəf “Yüksəliş” müsabiqəsi kimi əhəmiyyətli layihənin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu kadr islahatlarının mühüm istiqamətlərindən biri olduğunu söyləyib. SOCAR prezidenti bildirib ki, bu müsabiqə liderlik keyfiyyətlərinə və yüksək səviyyəli idarəetmə bacarığına malik perspektivli gənc liderlər üçün parlaq karyera başlanğıcı ola bilər.
SOCAR əməkdaşlarının çox faydalı, eyni zamanda, şəffaf mexanizmə əsaslanan müsabiqənin qalibləri sırasında olmasının şirkət üçün əlamətdar hadisə olduğunu söyləyən R.Nəcəf qaliblərə peşəkar inkişaf yolunda uğurlar diləyib.
Müsabiqədə qalib olmuş əməkdaşlara SOCAR-ın fəxri fərmanı təqdim olunub.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 26-sı 2019-cu il tarixli Sərəncamı ilə təsis edilən “Yüksəliş” müsabiqəsi intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədi daşıyır.