ELM VƏ TƏHSİL


“Yüksəliş” müsabiqəsinin əyani mərhələsi başlanıb

Bakı, 12 sentyabr, AZƏRTAC 

Sentyabrın 12-də “Yüksəliş” müsabiqəsində əyani mərhələnin imtahanları başlanıb. İmtahanlar Təhsil, Gənclər və İdman nazirlikləri və Dövlət İmtahan Mərkəzinin dəstəyi ilə 11 regionda təşkil olunan 24 imtahan mərkəzində keçirilir. Əyani mərhələnin imtahanında müsabiqənin əvvəlki mərhələlərini uğurla keçən 940 nəfərin iştirakı nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin başlaması ilə əlaqədar keçirilən brifinqdə İşçi Qrupunun rəhbəri, Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev söyləyib.

O bildirib ki, imtahanlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla hazırlanmış təlimata uyğun keçirilir.

Əyani mərhələ qabiliyyət üzrə yoxlama və idarəetmə bacarıqları olmaqla 2 imtahandan ibarətdir. Qabiliyyət üzrə yoxlama imtahanında iştirakçılardan 20 dəqiqədə abstrakt və məntiqi düşüncə üzrə 20 test sualının, 36 dəqiqədə rəqəmsal məlumatlarla işləmək bacarığı üzrə 18 test sualının, 60 dəqiqədə isə verbal məlumatların təhlili üzrə 5 mətn və 30 test sualının cavablandırılması tələb olunur. İki saat ərzində keçirilməsi nəzərdə tutulan imtahanda iştirakçılar onlayn mərhələnin qabiliyyət imtahanında göstərdikləri ümumi doğru cavabların sayının azı 70 faizini, bloklar üzrə ayrı-ayrılıqda doğru cavablandırdığı sualların isə azı 50 faizini təkrar etməlidirlər.

Əyani mərhələnin idarəetmə bacarıqları imtahanına yalnız qabiliyyət üzrə yoxlama imtahanından uğurla keçən iştirakçılar buraxılır. Bu mərhələnin yoxlama imtahanının nəticələri iştirakçılara həmin gün təqdim olunacaq.

Əyani mərhələnin idarəetmə bacarıqları üzrə imtahanında iştirakçılardan 16 dəqiqədə düşüncə sürəti üzrə 20 sualın, 40 dəqiqədə sosial intellekt üzrə 25 situasiya və 50 sualın, 48 dəqiqədə idarəetmə potensialı üzrə 16 sualın, 30 dəqiqədə layihələrin idarə edilməsi üzrə 25 sualın, 30 dəqiqədə isə psixoloji xüsusiyyətlərin təhlili üzrə 75 sualın cavablandırılması tələb olunacaq. İdarəetmə bacarıqları üzrə imtahanın nəticələri 2 həftə müddətində şəxsi kabinetə göndəriləcək. İmtahanlarda ən yüksək nəticə göstərən 300-dək iştirakçı müsabiqənin növbəti mərhələsində - yarımfinalda iştirak etmək hüququ qazanacaq. Yarımfinal mərhələsindən 100 iştirakçı finala keçəcək. Finalda isə 20 ən yaxşı namizəd seçiləcək. Bu namizədlər müsabiqənin idarəçi rəhbərlərinin yanında təcrübə keçəcəklər.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

“Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikası vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir.

2019-cu il dekabrın 27-də müsabiqənin qeydiyyat mərhələsinə başlanılıb və bu proses 2020-ci il fevralın 2-də yekunlaşıb. Ümumilikdə 11760 nəfər qeydiyyat üçün müraciət edib və onlardan 9775-i müsabiqəyə qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.