ELM VƏ TƏHSİL


“Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi davam edir

Bakı, 2 iyul, AZƏRTAC

“Bakı Ekspo Mərkəzi”ndə “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi davam edir.

AZƏRTAC xəbər verir ki, iyulun 2-də keçirilən yarımfinal mərhələsinin açılış mərasimində çıxış edən idarəçi rəhbərlər “Yüksəliş” müsabiqəsinin yeni nəsil idarəçilərini, liderlik müstəvisində proqressiv düşüncə, çevik idarəçilik bacarıqlarına malik peşəkarları aşkara çıxarmaqda, onların potensialını lazımi sahələrə yönləndirməkdə, eyni zamanda, peşəkar kadrların dəyərləndirilməsi və dəstəklənməsi baxımından ölkəmiz üçün əhəmiyyətli layihə olduğunu vurğulayıblar.

Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva vurğulayıb ki, müsabiqənin bu mərhələsinədək gəlib çatan iştirakçılar artıq effektiv idarəçilər olaraq formalaşıb: “Biz də sizə baxaraq müasir dövrün idarəçiləri kimlər olmalıdır və onları birləşdirən əsas xüsusiyyətlər nələrdir suallarına cavab axtarırıq. Biz bu müsabiqə vasitəsilə Azərbaycanın gələcək inkişafına dayaq ola biləcək şəxslərin axtarışındayıq”.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev yeni layihələrin və ideyaların ərsəyə gəlməsinin və həyata keçirilməsinin önəm və mahiyyətindən söz açıb. O, kadr inkişafında, ölkəmizdə istedadlı və intellektual mütəxəssislərin üzə çıxarılmasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maraqlı olduğunu və “Yüksəliş” müsabiqəsinin bu sahədəki rolunu vurğulayıb.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iştirakçıları öyrənməyə açıq olmağa, daim özlərini inkişaf etdirməyə səsləyib. O əlavə edib ki, peşəkar, savadlı, bacarıqlı kadrları tapmaq və formalaşdırmaq dövlətin kadr siyasətinin əsas prioritetlərindəndir. Azad edilmiş ərazilərdə dövlət orqanlarının fəaliyyəti bərpa olunduqdan sonra savadlı kadrlara, eləcə də dövlət qulluqçularına ehtiyac daha da artacaq. Məleykə Abbaszadə çıxışında şəxsi idarəetmə təcrübəsindən bəhs edərək, iştirakçılara uğurlu idarəçi olmaq yolunda tövsiyələrini verib.

Gənclər və idman nazirinin müavini, İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev yarımfinal mərhələsini açıq elan edərək bildirib: “Bu il ölkəmiz üçün hər baxımdan önəmli və əlamətdar bir ildir. Bildiyiniz kimi, 2022-ci il Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında “Şuşa İli” elan edildi. İkinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi də bu ilə təsadüf edir. Bu fürsətlə bu gün biz də yeni inkişaf yoluna qədəm qoymuş 332 namizədlə birgə gələcəyə yeni və ümidli bir səhifə açırıq. Prezident İlham Əliyevin neft kapitalını insan kapitalına çevirmək siyasətini rəhbər tutaraq “Yüksəliş” müsabiqəsində kadrların qiymətləndirilməsi prosesində ən yeni metodologiyalardan, dünya təcrübəsinə əsaslanan müasir texnikalardan faydalanmışıq. Biz birinci “Yüksəliş” müsabiqəsinin sonunda insanlarda yaratdığımız müsbət təəssüratların şahidi olduq. Bizim üçün bu çox sevindirici hal idi. “Yüksəliş” müsabiqəsinin insanlarda yaratdığı müsbət təəssüratlar həyata keçirdiyimiz layihənin şəffaflıq və obyektivliyin sübutudur”.

Qeyd edək ki, müsabiqənin yarımfinal mərhələsində iştirakçıların mübarizəsi keyslər üzərindən davam edir və onların 8 səriştəsi (strateji düşünmək bacarığı, nəticələrə yönəlmək bacarığı, komandada işləmək bacarığı, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, liderlik, sosial məsuliyyət və effektivliyin idarə edilməsi) ekspertlər tərəfindən qiymətləndirilir. Keyslər müasir dünya təcrübəsi əsasında və qabaqcıl format üzərində hazırlanıb, Azərbaycanın iqtisadiyyatı, sosial, insan resursları və yenidənqurma sahələrini ehtiva edir. Yarımfinal iyulun 3-də yekunlaşacaq. Bu mərhələni uğurla keçən iştirakçılar final mərhələsində öz bilik və bacarıqlarını nümayiş etdirəcək.

2022-ci il fevralın 17-dən qeydiyyatına start verilən “Yüksəliş” müsabiqəsində iştirak üçün 12 min 299 iştirakçı müraciət edib. Müsabiqənin 20 qalibini bir il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət qurumlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min AZN dəyərində pul mükafatı gözləyir.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.