ELM VƏ TƏHSİL
“Yüksəliş”in əyani mərhələsinin imtahanları 24 mərkəzdə keçirilir
Bakı, 12 sentyabr, AZƏRTAC
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin imtahanları Təhsil, Gənclər və İdman nazirlikləri və Dövlət İmtahan Mərkəzinin dəstəyi ilə 11 regionda təşkil olunan 24 imtahan mərkəzində keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin başlaması ilə bağlı brifinqdə İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev söyləyib.
O bildirib ki, imtahanlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla hazırlanan təlimata uyğun təşkil ediləcək.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
“Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir.
2019-cu il dekabrın 27-də müsabiqənin qeydiyyat mərhələsinə başlanılıb və bu proses 2020-ci il fevralın 2-də yekunlaşıb. Ümumilikdə 11760 nəfər qeydiyyat üçün müraciət edib və onlardan 9775 nəfər müsabiqəyə qəbul olunub.