MƏDƏNİYYƏT


Yuli Qusman Rusiya nəşrinə müsahibəsində Bakıda ŞHK hərəkatının yaranmasından danışıb

Bakı, 9 avqust, AZƏRTAC

“1964-cü ildə Bakı Moskvadan ilk televiziya siqnalı alanda şəhər sözün hərfi mənasında ŞHK azarkeşinə çevrildi”.

Həmvətənimiz, Azərbaycanın Xalq artisti, Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi, teatr və kino rejissoru, teleaparıcı, aktyor, ictimai və siyasi xadim, Rusiya Kinematoqrafiya Sənəti Akademiyasının birinci milli mükafatı olan “Nika” mükafatının təsisçisi və bədii rəhbəri, Rusiya Yəhudi Konqresinin Rəyasət Heyətinin üzvü Yuli Qusman bunları Rusiyanın “Delovoy kvartal” nəşrinə müsahibəsində xatırlayıb.

Qeyd edək ki, bu il sentyabrın əvvəlində Rusiyanın Yekaterinburq şəhərində Şən və Hazırcavablar Klubu (ŞHK) məzunlarının görüşü keçiriləcək. Bu hadisə ərəfəsində “Delovoy kvartal” nəşri “İznanka yumora” (“Yumorun iç üzü”) adlı xüsusi layihə üzərində işə başlayıb. Bu layihənin birinci qəhrəmanı bizim həmvətənimiz, bəlkə də ən məşhur “kaveençi” və ŞHK oyunlarının daimi hakimi Yuli Qusmandır.

Y.Qusman Rusiya nəşrinin müxbiri ilə söhbətində deyib: “1964-cü ildə biz Bakıda Moskvadan ilk televiziya siqnalını qəbul etdik. Bu, bütün şəhər üçün əlamətdar hadisə oldu. Biz ilk dəfə Qızıl Meydanda paradı, Böyük Teatrda konserti, Kremlin Qurultaylar Sarayını gördük. O vaxt televiziyada cəmi iki əyləncəli proqram vardı: “Qoluboy oqonyok” (“Mavi işıq”) və ŞHK. “Qoluboy oqonyok” (ən azı o vaxt) çox xoşagələn və rəğbət qazanmış proqram idi. ŞHK efirə çıxanda isə şəhər ağlını itirirdi. Bu hazırcavab, cəsur, şən və həyatsevər tələbələri görəndə böyüklü-kiçikli hamı onlara məftun olurdu. Bu, gənclərin tamamilə yeni nəsli idi. Şəhər sözün hərfi mənasında ŞHK azarkeşinə çevrilmişdi. Bir ildən az müddətdə Bakıda onlarca ŞHK komandası yarandı. Sonralar bir mahnıda oxuduğumuz kimi uşaq bağçalarında və məktəblərdə, hərbi hissələrdə və ali məktəblərdə, cəzaçəkmə yerlərində və akademiyanın institutlarında, zavodlarda, fabriklərdə və neft mədənlərində hamı ŞHK oynayırdı”.

Yuli Qusmanın sözlərinə görə, o, ilk oyunları böyük həvəslə təşkil edirdi və tədricən Bakıda bu hərəkatın faktiki liderinə çevrildi – Bakı Şən və Hazırcavablar Klubunun sədri oldu. O deyir: “Mən “Parni iz Baku” (“Bakılı oğlanlar”) komandasının kapitanı idim. Azərbaycan Televiziyası ilə müqaviləmiz vardı. Təsəvvür edin ki, Bakının Bayıl qəsəbəsindəki İliç adına Mədəniyyət Sarayında bizim yerli əhəmiyyətli oyunlarımızı respublika telekanalında göstərirdilər! Bir ildən sonra qərara gəldik ki, artıq ümumittifaq arenasına çıxmağın vaxtıdır. Ölkənin ən yaxşı ŞHK komandaları arasında keçirilən birincilikdə iştirak etmək barədə danışıqlar aparmaq üçün məni Moskvaya nümayəndə göndərdilər. Mahiyyət etibarilə bu hadisə həyət çempionatından birbaşa Olimpiya Oyunlarına düşmək kimi idi! Mən Moskva və Odessa komandalarının çıxış etdiyi ŞHK oyununa gəldim. Bunlar o dövrün ən güclü və gözəl komandaları idi. Hamını “heyran etdim”: məni hətta “ekzotik” ŞHK komandasının kapitanı kimi münsiflər heyətinə daxil etdilər və mən inanılmaz işlər gördüm. Mən hər iki komandanı o qədər sevirdim, onlara o qədər hörmət edirdim ki, münsiflər heyətini bu oyunun tarixində ilk dəfə heç-heçə qeydə almağa razı salmağa çalışdım. Oyundan sonra moskvalı redaktorları və rejissorları bizim şəhərə - Bakıya dəvət etdim. Yeri gəlmişkən, həmin qrupda qızılı hörüklü, qəşəng bir qız vardı – rejissor Bella Sidorovanın assistenti Sveta. Sonradan həmin Sveta Aleksandr Maslyakovun həyat yoldaşı və ŞHK rejissoru oldu”.

Y.Qusman daha sonra deyib: “Biz Moskva ŞHK gənclər redaksiyasının nümayəndələrini sevinclə, zarafatla qarşıladıq. Başları üstündə “şpaqalar” (dolu kabab şişləri) tutmuş, milli geyimli “kaveençilər” təyyarə trapının yanında qonaqları salamladılar. Biz qonaqları təntənəli şəkildə - xüsusi “Jiquli” və “Moskviç” maşınlarında, amma motosikletlərdən ibarət prezident eskortunun müşayiəti ilə şəhərə apardıq. Şəhərin mərkəzi meydanında ŞHK paradı təşkil etdik. Bu, ümumiyyətlə, təsvirəgəlməz tamaşa idi. Əlbəttə, sonra qonaqlar oyunda iştirak etdilər. Biz özümüzü xoşbəxt hiss edirdik ki, bizim heç də əyalət səviyyəsində olmamağımız qonaqlarımızı bir qədər çaşdırıb. Çoxdan gözlədiyimiz hadisə oldu. Bizi Moskvaya ŞHK oyunlarına dəvət etdilər. İlk görüşdə rəqibimiz Voronej komandası oldu. Biz bu oyunda qalib gəldik, o vaxtdan heç kimə uduzmadıq. Bu gün təsəvvürə gətirmək çətindir, çox heyrətamiz vaxt idi. Bu, bərk bağlanmış pəncərədən bir udum təmiz hava gəlməsi üçün açılmış nəfəsliyə oxşayırdı”.

O daha sonra vurğulayıb ki, həmin dövr haqqında bütöv kitablar yazmaq olar və belə kitablar yazılacaq, çünki bu, inanılmaz dərəcədə yeni və maraqlı dövr idi. Y.Qusman deyir: “Bir maraqlı epizod. Bizim komanda Lenin prospektindəki “Sputnik” mehmanxanasında yaşayırdı. Məşqlər uzanırdı və mən öz nömrəmə çox gec qayıdırdım. Mərtəbədəki növbətçi xala həmişə deyinir və mənə irad tuturdu. Birinci oyun televiziyada birbaşa efirdə göstərildi (1970-ci ilə qədər bütün ŞHK oyunları yalnız birbaşa efirdə göstərilirdi). Ertəsi gün səhər saat 10-da mən nömrədən çıxdım. Mehmanxananın dəhlizi ilə yorğun halda gedirdim. Həmin növbətçi xala öz postunda əyləşmişdi. Məni görən kimi dedi: “Oy, Qusman! Özüdür! Mənə avtoqraf ver!” Bu, mənim həyatımda ilk avtoqrafım idi. Sonra komanda ilə bərabər gəzməyə çıxdıq. O vaxt ŞHK-da təkcə bizim firma kostyumumuz vardı: hamımız bleyzer-pencək, boz şalvar, ağ köynək geymişdik. Adamlar az qala trolleybusların pəncərələrindən bizi görəndə qışqırırdılar: “kaveenşiki!” Həmin illərdə ŞHK komandalarının tarixçəsi beləcə inanılmaz idi!”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.