DÜNYA
Yumşaq materialdan robot hazırlanıb
Bakı, 20 avqust, AZƏRTAC
Varşava Universitetinin mütəxəssisləri tərəfindən yaradılmış bir neçə santimetr ölçüsündə robot tırtıl hərəkətlərini dəqiq icra edir.
AZƏRTAC “hi-news.ru” saytına istinadən xəbər verir ki, polşalı mühəndislər tərəfindən yaradılmış robot yumşaq materialdan hazırlanıb və ölçüsü o qədər kiçikdir ki, barmağın ucunda yerləşə bilər. Robotun hazırlanmasında yalnız mühəndislər deyil, həm də fizioloq və bioloqlar iştirak ediblər. Belə əməkdaşlıq nəticəsində tırtılın hərəkətini dəqiq canlandırmaq mümkün olub və ona yalnız sürünmək deyil, həmçinin dönmək və maneələri dəf etmək öyrədilib. Bundan başqa, kiçikölçülü robot öz çəkisindən 10 dəfə ağır yük daşımaq qabiliyyətinə malikdir.
"Yumşaq materiallardan hazırlanmış robotlar robot texnikasının inkişafında yeni mərhələ ola bilər. Gələcəkdə bu cür texnologiyalar qidalanma elementlərinin qurulmasını yüngülləşdirə bilər və robotların hərəkət funksionallığını xeyli genişləndirə bilər. Hazırda biz bu yolun başlanğıcındayıq", – deyə layihə rəhbəri Pyotr Vaşilçjek bildirib.