MƏDƏNİYYƏT
Yun və boyaq bitkilərinin daha üç regional tədarük məntəqəsi yaradılacaq
Bakı, 10 oktyabr, AZƏRTAC
2019-cu ildə Bakı şəhərinin Qaradağ rayonunda, Gəncə, Mingəçevir, Şəki şəhərlərində, Xızı, Masallı, Zaqatala, Bərdə rayonlarında, Ağcabədi rayonunda Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Taxtakörpü qəsəbəsində, Goranboy rayonunda Xocalı rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Aşağı Ağcakənd qəsəbəsində xalça istehsalı emalatxanaları yaradılacaq. Bunun üçün yerli icra hakimiyyəti orqanları ilə birlikdə müvafiq tədbirlər həyata keçirilir, tikinti işlərinin aparılması üçün ərazilər müəyyənləşdirilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin sədri Vidadi Muradov deyib.
Cəmiyyətin fəaliyyət istiqamətlərindən birinin, xalçaçılığın yerli potensiala əsaslanan xammal bazasının yaradılması olduğunu söyləyən V.Muradov vurğulayıb ki, bu məqsədlə Sumqayıt Kimya Sənaye Parkında Yunəyirici-Boyaq Fabrikinin tikintisinə başlanılıb.
Bildirib ki, Türkiyə, Fransa və İtaliya istehsalı olan avadanlıqlarla təchiz ediləcək fabrik son illərin böyük miqyaslı iqtisadi layihələrindən biridir. Bu müəssisədə təmiz yun, yun iplik, təbii və kimyəvi boyaq maddələri hazırlanacaq. Fabrikin fəaliyyəti nəticəsində, ilk növbədə, “Azərxalça”nın filiallarının, özəl xalçaçılıq müəssisələrinin yun ipliyə olan tələbatı ödəniləcək, idxaldan asılılıq tamamilə aradan qaldırılacaq. Yunəyirici-Boyaq Fabrikinin xammalla təmin olunması məqsədilə Naxçıvan şəhərində, Qobustan, Şabran, Bərdə rayonlarında, Sabirabad Sənaye Məhəlləsində regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri də yaradılır.
2019-cu ildə bu istiqamətdə görüləcək işlərə nəzər yetirən ASC-nin İdarə Heyətinin sədri söyləyib ki, Şəki şəhərində, Masallı və Hacıqabul rayonlarındakı sənaye məhəllələrində daha üç regional tədarük məntəqəsi yaradılacaq. Müasir texniki avadanlıqlarla təmin ediləcək bu məntəqələrdə il ərzində 1500 ton yun və boyaq bitkiləri xammalı toplanılacaq.
“Azərbaycan Respublikasının dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş vəsaitdən Yunəyirici-Boyaq Fabrikinin tikintisi və avadanlıqlarla təchizatı üçün 27 milyon 420 min manat, regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrinin yaradılması məqsədilə 6 milyon 500 min manat ayrılıb. ASC-nin istehsalı olan xalçaların satışa çıxarılması prosesinin intensivləşdirilməsi məqsədilə 2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkında Hazır Xalçaların Emal Mərkəzi də inşa ediləcək”, - deyə V. Muradov bildirib.