İDMAN
Yunan-Roma güləşçilərimiz Avropa çempionatında 1 qızıl və 3 gümüş medal qazanıblar




Bakı, 14 iyun, AZƏRTAC
Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, ilk yarış günündə 5 çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizə aparıb.
Elvin İbadov (48 kq) təsnifat mərhələsində rumıniyalı Alberto Marian Enaçeskuya tam üstünlüklə qalib gəlib - 8:0. E.İbadov dörddəbir finalda türk Ali Sümbüllə görüşü də vaxtından əvvəl öz lehinə yekunlaşdırıb - 13:4. Güləşçimiz yarımfinalda macar Levente Fiqeylə gərgin keçən qarşılaşmadan da qalib ayrılaraq (2:1) finala yüksəlib. E.İbadov həlledici görüşdə gürcü Vaxtanq Loluaya uduzaraq (1:5) gümüş medal əldə edib.
Fəraim Mustafayev (55 kq) səkkizdəbir finalda Mario Andrey Mariuta heç bir şans tanımayıb - 9:1. F.Mustafayev gürcü Saba Surmanidze üzərində də erkən qələbə (8:0) qazanaraq adını yarımfinala yazdırıb. Güləşçimiz final yolunda ukraynalı Maksim Çubenkoya da tam üstünlüklə qalib gələrək (9:0) finala vəsiqə qazanıb. Mustafayev həlledici görüşdə erməni Hayk Lyudviqyana da yerini göstərib. Rəqibini darmadağın (13:4) edən güləşçimiz titulunu qoruyub. Xatırladaq ki, F.Mustafayev ötən il Bolqarıstanın Samokov şəhərində keçirilən analoji yarışda da Avropa çempionu olmuşdu.
Seymur Qasımov (65 kq) debütdə bolqar Xristiyan Borislavov İvanovu çətinlik çəkmədən üstələyib - 9:1. S.Qasımov rumıniyalı Pavel Marian Alekseni də eyni hesabla məğlub edərək yarımfinala yüksəlib. S.Qasımov macar Levante Levayla finala vəsiqə uğrunda mübarizə aparıb. Rəqibini "tuşe" ilə yolundan kənarlaşdıran S.Qasımov son qarşılaşmada yunanıstanlı Arionas Kolitsopulosla qızıl medal uğrunda güləşib. Bu dəfə məğlubiyyətdən qaça bilməyən (2:5) güləşçimiz gümüş medalı boynundan asıb.
İsmayıl Rzayev (80 kq) ilk görüşdə xorvat Dominik Qrqiçə 8:1 hesabı ilə qalib gəlib. Serbiyalı Branko Dukiçi də yolundan kənarlaşdıran (5:1) İ.Rzayev yarımfinala adlayıb. Təmsilçimiz finalın bir addımlığında rumıniyalı Nikolaos Qavril İqnateskudan güclü olub - 5:2. İ.Rzayev həlledici qarşılaşmada moldovalı Mihay Qutuyla bacarmayıb və komandamızın hesabına növbəti gümüş medalı yazıb.
Məzahim Mərdanov (110 kq) startda bolqar Maksim Milçev Petrovu (Bolqarıstan) xalçadan məyus yola salıb - 3:1. M.Mərdanov dörddəbir finalda erməni Rafayel Tovmasyana "tuşe" ilə qalib gəlib. Pəhləvanımız yarımfinalda türk Cemal Yusuf Bakırla bacarmayıb - 0:8. Təmsilçimiz bürünc medal uğrunda yunanıstanlı Dimitrios Tanosla güləşib və rəqibinə məğlub olaraq 5-ci yerlə kifayətlənib.
Beləliklə, yunan-Roma güləşçilərimiz Avropa çempionatına 1 qızıl və 3 gümüş medalla start verib.