DÜNYA
Yunanıstan Türkiyə ilə energetika sahəsində əməkdaşlığı gücləndirəcək
Afina, 6 fevral, AZƏRTAC
Yunanıstan hökuməti Türkiyə ilə energetika sahəsində əməkdaşlığı gücləndirmək niyyətindədir. Rəsmi Afina “Türk axını” təbii qaz boru kəməri (“TurkStream”) layihəsində iştirak etmək istəyir.
AZƏRTAC xəbər verir ki, bu barədə Yunanıstanın Baş naziri Aleksis Tsipras Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ankarada baş tutan rəsmi görüşü zamanı deyib. Onun sözlərinə görə, iki ölkə bir çox energetika layihələrində əməkdaşlıq edirlər və rəsmi Afina bu əməkdaşlığı daha da genişləndirmək istəyir. A.Tsipras iki ölkə arasında mövcud münasibətlərin yenidən gündəmə gətirilməsinin vacibliyini vurğulayıb. Rəsmi Afina iqtisadi əməkdaşlığı gücləndirmək üçün tezliklə Yunanıstan-Türkiyə biznes forumu təşkil edəcək.
Qeyd edək ki, “Türk axını” boru kəməri ilə Rusiya təbii qazının Türkiyəyə və Avropaya nəqli planlaşdırılır. Layihə Qara dəniz üzərindən Türkiyənin Avropa hissəsinədək və daha sonra Yunanıstan sərhədinədək qaz boru kəmərinin tikintisini nəzərdə tutur. Kəmərin dəniz hissəsinin uzunluğu 910 kilometrə yaxın, quru hissəsi isə Türkiyə ərazisi üzrə 180 kilometrdir. Boru kəmərinin birinci xətti Türkiyə bazarı, ikincisi Cənubi və Cənub-Şərqi Avropa ölkələri üçün nəzərdə tutulur.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina