DÜNYA
Yunanıstan fermerləri yolları traktorlarla bağlayırlar
Bakı, 23 yanvar, AZƏRTAC
Yunanıstan fermerləri vergilərin artmasına etiraz əlaməti olaraq yolları bağlamağa başlayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, fermerlər traktor və digər kənd təsərrüfatı texnikası ilə birgə Yunanıstanın şimalında yerləşən Kulura nəqliyyat qovşağına yığışıblar. Buradan Veriya şəhərinin mərkəzinə doğru irəliləyən aksiya iştirakçıları yolları bağlamaq niyyətindədir.
Milli komitənin planına əsasən, günün ikinci yarısında Fessaliya və Argirupolidə nəzarət-buraxılış məntəqələri quraşdırılacaq. Yanvarın 26-da Kardisa, Trikala, Farsala, Larisa və digər şəhərlərdə də traktorların çıxışı gözlənilir. İstehsalat xərclərinin azaldılmasını istəyən fermerlər, həmçinin yeni vergi və sığorta qaydalarına da etiraz edirlər.
Yunanıstanın kənd təsərrüfatı naziri Evangelos Apostolu fermerlərə kənd təsərrüfatı ixracatında ƏDV-nin və şəraba tətbiq edilən aksiz vergisinin azaldılması məsələsini nəzərdən keçirəcəyinə söz verib.
Xatırladaq ki, 2016-cı ilin yanvarında Yunanıstan fermerlərinin oxşar aksiyası zamanı yollarda hərəkət iflic olmuş, ölkənin Türkiyə və Bolqarıstanla sərhədi bağlanmış və nəticədə avtomobil daşımalarına xeyli zərər dəymişdi.